Lənkəranın bitmək bilməyən yararsız yol problemləri... Üstəlik, qış “qapıda”...
Son illər lənkəranlıların ən çox əziyyət çəkdiyi məsələ yollarla bağlıdır. Qaldı ki, illərdir dağılmış və yararsız hala düşmüş yollardan bezar olan insanların haqq səsini hələ eşidən tapılmır.
Günlər keçdikcə çala-çuxurların yaratdığı təhlükələr daha ağır nəticələrdən xəbər verir. Lənkəranda elə kənd yolu var ki, artıq bağlamaq üzrədir. Yolun mədəniyyət olmasının sanki cənub mirvarisinə heç bir aidiyyəti yoxdur. Deyinə-deyinə çalaların üstündən atlanmaq ədəbli adamı belə özündən çıxardır. Və yaxud tozlu-torpaqlı yollarla getməklə istər-istəməz deyinməyə məcbur olursan...
Cil rayonun böyük kəndi olsa da, onun sakinlərinin rahatlığını pozan, keçilməz hala düşən yolları ölkəmizin indiki inkişaf dövrünə yaraşmır. Bundan neçə il qabaq asfalt örtüyü dağılmış, təmir üzünə həsrət qalmış yollarla hərəkət etmək qeyri-mümkündür. Təəssüf ki, narazılıq doğuran bu məsələni qaydaya salmaq rayonun səlahiyyətli qurumlarına, eləcə xalqın taleyinə məsul olan şəxslərə heç bir aidiyyəti yoxdur. Əhali dəfələrlə müraciət etsə də, bərbad, çuxurlu, toz-palçıqlı yolun təmirindən ötrü rayonda narahat olan məmur tapılmır. Hətta acınacaqlı vəziyyətin düzələcəyinə artıq kənd sakinlərində inam qalmayıb.
Rayonun qəsəbə və kəndlərdən başqa, şəhərin özündə də istifadəsi mümkün olmayan küçələr vardır. Onların bəziləri lap yerli sakinlərin həyatı üçün təhlükə mənbəyinə çevrilib. Vaqif Hüseynov küçəsində yararsız vəziyyətdən gileyli olanlar daha çoxdur. Şəhərdə elə unudulan küçələr vardır ki, toz-torpağı bir yana, balaca yağış yağanda palçıq yığnağın içindən keçə bilmirsən. Uşaqlar məktəbə gedib-gəlməkdə çətinlik çəkirlər. Küçələrin bəzilərində yağış suyu yoldakı çuxurlara dolaraq iri gölməçələr əmələ gəlib. Həmçinin şəhərdə çuxurlara kanalizasiya suları buraxılır, uzun müddət burada qalır, nəticədə pis qoxu ətrafı bürüyür.
Digər problem isə küçələrdə olan işıq dirəkləri ilə bağlıdır. Bu sıradan Vaqif Hüseynov adına küçədə əyilən dirəklər, köhnəlib az qala yola qədər sallanan elektrik naqilləri hər an təhlükəyə, fəsada səbəb ola biləcək. Faciə baş verməmiş bu qorxulu problem də əlaqədar qurumlarını düşündürmür.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü