COP29 çərçivəsində iqlim dayanıqlığının təmin olunması üçün Bakı prinsipləri təsdiq edildi
Bu gün COP29 çərçivəsində iqlim dayanıqlığının təmin olunması üçün Bakı prinsipləri təsdiq edildi. Trend xəbər verir ki, bu barədə COP29 fəaliyyət gündəliyinin qlobal təşəbbüslər qrupunun həmsədri Elmar Məmmədov "Bacarıqlara sərmayə — iqlim sahəsində əhəmiyyətli öhdəlik" mövzusunda keçirilən panel müzakirədə bildirib.
"Bu gün İnsan Potensialının İnkişafı Günü çərçivəsində tədbirlərin əsasını təşkil edəcək iki əsas təşəbbüsü təqdim etdik. Bu təşəbbüslər UNESCO, ÜST, BƏT və digər BMT agentlikləri, eləcə də üç çoxtərəfli inkişaf bankı — Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və üç fond — Qlobal Fond, Yaşıl İqlim Fondu və Adaptasiya Fondu tərəfindən dəstəklənir. Bununla yanaşı, iqlim dəyişikliklərinə dayanıqlılığı gücləndirmək üçün İnsan Potensialının İnkişafı üzrə Bakı Təşəbbüsü ilə bağlı birgə bəyanat qəbul etdik. Eyni zamanda, iqlim dayanıqlığının təmin olunması üçün Bakı İnsan Potensialının İnkişafı üzrə rəhbər prinsipləri təsdiq edildi", — deyə E.Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, təşəbbüslərin və fəaliyyət planının hazırlanması prosesində hərtərəfli məsləhətləşmələr aparılıb.
"Bu prosesi mümkün qədər inklüziv və şəffaf etmək məqsədini güdmüşük. Bu məsləhətləşmələr çərçivəsində biz yalnız iştirakçılarla deyil, vətəndaş cəmiyyətinin nümayəndələri, analitik mərkəzlər, çoxtərəfli inkişaf bankları, beynəlxalq təşkilatlar və digər əsas iştirakçılarla da əməkdaşlıq etdik", — deyə o əlavə edib.