Azərbaycan BMT-də “İtkin düşmüş şəxslər” adlı qətnaməni qəbul etdirə bildi - ermənilərə böyük zərbə...
Məlum olduğu kimi, bu günlərdə BMT Baş Assambleyasının 3-cü Komitəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən irəli sürülmüş qətnamə layihəsi üzrə bir ay ərzində üzv dövlətlərlə aparılmış intensiv danışıqlar nəticəsində layihənin mətni razılaşdırılıb.
Qətnamə hərbi münaqişələr nəticəsində itkin düşmüş şəxslər probleminin qarşısının alınması və həllinin vacibliyini vurğulayır, bu şəxslərin axtarışı və taleyinin müəyyənləşdirilməsi üçün dövlətləri, beynəlxalq təşkilatları lazımi səylər göstərməyə çağırır, habelə itkin düşmüş şəxslərin ailələrinin öz qohumlarının taleyindən xəbər tutmaq hüququnu təsdiq edir. 2002-ci ildə BMT Baş Assambleyasının 57-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə ilk dəfə “İtkin düşmüş şəxslər” adlı qətnamə qəbul edilib və dövrü əsasda iki ildən bir qətnamə yenidən irəli sürülür. Bu da ondan qaynaqlanır ki, Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər məsələsinə yalnız öz problemi kimi deyil, dünyanın bir sıra ölkələrinin üzləşdiyi qlobal problem kimi yanaşır. Budəfəki səsvermədə qətnaməyə 56 ölkə həmmüəllif qismində qoşulub. Qətnamə mətninin BMT Baş Assambleyasının 3-cü Komitəsində təqdimatı zamanı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Nərmin Ahəngari qətnamənin əsas məqsədinin silahlı münaqişələrin humanitar faciələrindən biri olan itkin düşmə hallarının qabaqlanması və itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları öhdəliklərinə hörmət və riayətin vacibliyinə diqqətin cəlb edilməsi olduğunu vurğulayıb. Diplomat mətndə əks olunmuş yeni bəndlər barədə üzv dövlətlərin nümayəndələrinə ətraflı məlumat verib. Ahəngari qeyd edib ki, bu ilki qətnamənin mətnində minaların mövcudluğunun itkin düşmüş şəxslərin qalıqlarının aşkarlanması üzrə əməliyyatlara yaratdığı maneələr də öz əksini tapıb. O qeyd edib ki, mətndə əlaqədar dövlətlərin insan qalıqlarının təhlükəsiz axtarışı üçün əməkdaşlıq etmək çağırışları öz əksini tapıb. Qətnamədə eyni zamanda BMT Baş katibindən Baş Assambleyanın 81-ci sessiyasına (2026-cı il) və BMT-nin İnsan Hüquqları Şurasının müvafiq sessiyasına onun icrasına dair müfəssəl hesabat təqdim edilməsi xahiş olunub. Bunlar fonunda ermənilər tərəfindən törədilmiş terrorçuluq əməlləri və soyqırımı cinayətləri, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması da təmin olunur.
Xatırladaq ki, itkin düşmüş şəxslər faciəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır fəsadlarından biridir. Birinci Qarabağ müharibəsi nəticəsində 30 ildən artıqdır ki, 4000-dək azərbaycanlı itkin düşmüş şəxs hesab olunur. Onların arasında mülki şəxslər, o cümlədən uşaqlar və qadınlar da var. Həmin şəxslərdən bəzilərinin cəsədləri işğal edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlarda müəyyən olunub. Ümumiyytlə, torpaqlarımızın işğaldan azad edilməsindən sonra meydana çıxmış yeni faktlar itkin düşmüş azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı şahidlərin ifadələrini bir daha təsdiq edir. Həmin ərazilərimizdə aşkar olunmuş kütləvi məzarlıqlarda ekshumasiya işlərinin aparılması nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş şəxslərin işgəncələrə, zorakılığa və qeyri-insani rəftara məruz qalaraq qətlə yetirildiyi barədə təkzibedilməz sübutlar toplanıb. Açıq mənbələrdə və internet resurslarında Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş insanlığa sığmayan əməlləri sübut edən kifayət qədər foto və videolar mövcuddur. Müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətmiş bəzi şəxslər bu gün Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab versə də, Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmayıb, əksinə onlar qəhrəmanlaşdırılıblar. Eyni zamanda, müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildiriblər. Buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların yeri barədə məlumatları verməkdən imtina edir. Erməni tərəfi bu xüsusda yenə beynəlxalq sənədlərə məhəl qoymur. Buna səbbə həm də odur ki, Ermənistan soyqırımı, terror, etnik təmizləmə, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması siyasətinin ifşasından qorxur. Müharibə ilə əlaqəsi olmayan dinc adamların girovluqda işgəncələrə məruz qalması, şəxsiyyətlərinin tapdanması, şantaj, hədə-qorxu, alver vasitəsinə çevrilməsinə dair xeyli faktlar toplanılıb.
Erməni əsirliyində insanlara qarşı əsl soyqırımı siyasətinin həyata keçirildiyini göstərən araşdırmalardan bəlli olur ki, yüzlərlə həmvətənimiz öldürülüb, dəhşətli əzab və işgəncələrə məruz qalaraq şikəst edilib. Bütün bunlara görə erməni tərəfiin cavab verməsi istiqamətində Azərbaycan tərəfindən məqsədyönlü iş aparılır.
Nahid SALAYEV