"Bu onillikdə qlobal emissiyaların yarıya qədər azaldılmasından hələ də uzağıq" - Saymon Stil
Biz hələ də bu onillikdə qlobal emissiyaların yarıya qədər azaldılmasından çox uzağıq. Trend xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
"Xüsusilə karbon bazarlarında əldə olunan əhəmiyyətli irəliləyişləri görmək sevindiricidir. Əvvəlki konfranslarda əldə olunmayan nəticələrə nail olunub. Lakin görüləsi işlər hələ çoxdur və mən rahatlaşmaq niyyətində deyiləm. Problemlər hələ də qalır", - deyə S.Stil vurğulayıb.
O qeyd edib ki, COP29-da əldə olunan irəliləyiş böyük əhəmiyyət kəsb edir və konfransın son həftəsində ölkələrə iş tempini sürətləndirməkdə kömək etmək vacibdir.
"Biz həmçinin G20 ölkələrindən olan Böyük Britaniya və Braziliyadan güclü siqnallar alırıq. Onlar iqlim tədbirlərini gücləndirmək üçün öz planlarını təqdim etdilər. Onlar bunu etməkdə olduqlarını, çünki bunun onların iqtisadi maraqlarına tam uyğun olduğunu açıq şəkildə bəyan edirlər", - deyə o əlavə edib.
O, həmçinin bu il Paris Sazişi çərçivəsində təqdim olunmalı olan yeni Ikiillik Şəffaflıq Hesabatlarının əhəmiyyətini vurğulayıb. Bu hesabatlar hökumətlər üçün daha effektiv iqlim siyasətlərinin yaradılmasında əsas rol oynayır. Bəzi hesabatlar artıq təqdim edilib, digərləri isə tezliklə gələcək.
Bununla belə, S.Stil qeyd edib ki, COP29-un uğurlu olması üçün daha çox səy göstərilməlidir.