Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...
Kamran Məmmədli: “1, 3 və 5 qəpikliklər dövriyyədən çıxarılarsa bahalaşma olar”
Azərbaycanda kiçik nominallı pul nişanları ilk dəfə 1992-ci ildə dövriyyəyə buraxılıb. Lakin həmin vaxtlar pul sürətlə dəyərini itirdiyindən onlar özünü doğrultmayıb və dövriyyədən yığışdırılıb. Xırda pullar ikinci dəfə 2006-cı ildə manatın denominasiyası zamanı dövriyyəyə buraxılıb.
Zaman keçdikcə bu pul nişanları da dəyərini, demək olar ki, itirib. Müşahidələr göstərir ki, bu gün bəzi böyük marketlərdə 5 qəpikliklərdən az da olsa istifadə olunur, lakin 1-3 qəpiyin istifadəsi, demək olar ki, tamamilə dayandırılıb.
Buna baxmayaraq, hələ də Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən 1, 5, 10, 20 və 50 qəpiklik metal pul nişanlarına analoji olaraq 3 qəpiklik metal pul nişanının da yenilənməsi həyata keçirilib. İstehsal və yenilənmə prosesləri 2023-cü ildə həyata keçirilmiş 3 qəpiklik pul nişanı Mərkəzi Bank tərəfindən mövcud ehtiyatlar və dövriyyənin tələbi nəzərə alınaraq tədavülə buraxılıb.
Qeyd etydiyimiz kimi, xırda nominallı pullar gündəlik həyatda elə də istifadə olunmur. Onu da nəzərə almaq lazımdır ki, bu pulların hazırlanması da müəyyən vəsait tələb edir. Belə olduğu halda həmin qəpiklərin yenidən tədavülə buraxılması nə dərəcədə düzgündür?
“Mağazalarda bir çox alıcılar qalıq kimi verilən 1 və 3 qəpiklərdən imtina edir, bu qəpiklərin işlənmədiyini deyir”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, mağazalarda bir çox alıcılar qalıq kimi verilən 1 və 3 qəpiklərdən imtina edir. Onlar bu qəpiklərin işlənmədiyini deyir: “Bu cür qəpikləri yalnız böyük marketlərdə istifadə etmək mümkündür. Bu gün bir, üç qəpiyə ümumiyyətlə heç nə almaq mümkün deyil. Ona görə də bu nominallardan geniş istifadə olunmur. Metal pul dəyərsizləşir, yəni dövriyyədən düşür və məlum olur ki, həmin o metal pulun hazırlanma dəyəri o pulun nominalından bahadır. Məsələn, 1 qəpiyin hazırlanması 2-3 qəpiyə başa gəlir. Ona görə də həmin qəpikləri götürüb xammal kimi istifadə etmək olar”.
Ekspert hesab edir ki, 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarılarsa bahalaşma olar. Belə ki, qeyd edilən qəpiklər olmayan zaman daha çox bahalaşma ola bilər: “1, 3 və 5 qəpiklərin yerinə 10 qəpikdən başlamalıdır? Bu səbəblə qəpiklərin qalması və istifadəsinə ehtiyac var. Biz burda münasibətləri alıcı-satıcı kontekstində deyil, ümumilikdə ticarətin aparılması kontekstində görməliyik. Alış-veriş varsa, bu, iqtisadi hərəkətlilik deməkdir. Qəpiklərin xərci ilə bahalı əskinasların dəyəri arasında kəskin fərq bahalı əskinaslarda olan fərq vasitəsilə kompensasiya edilir. Bu, dünya praktikasında belədir. Azərbaycan Mərkəzi Bankı da qəpiklərin hazırlanmasını sifariş verərkən bütün bunları nəzərə alır. 1 və 3 qəpikliklərin xərci dəyərindən çoxdur. Amma ümumi sifarişdə Mərkəzi Bankın xərci pulların dəyərindən çox olmur”.
Günel CƏLİLOVA