"Azyaşlı qızlar ərə veriləndə reaksiya göstərmirlər, gözləyirlər ki, polis gəlsin" - Deputat
Bu gün ölkəmizdə qadınları selektiv abortlara məcbur edirlər. Bu Azərbaycan cəmiyyətinə yaraşmayan haldır.
Trend xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri, millət vəkili Hicran Hüseynova "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, bu məsələdə Azərbaycan bir sıra ölkələri qabaqlayıb.
"Bu, bizə yaraşan haldır? Bizim məqsədimiz budur? Selektiv abortların qarşısının alınması üçün qanunlar qəbul edilib, cərimələr müəyyən edilib. Lakin nəticələr göstərir ki, işləmir. Demək, müdaxilələr var.
Cəzalandırma tədbirləri gücləndirilməlidir. İnsanlar arasında ictimai qınaq formalaşmalıdır. Azyaşlı qızların ərə verilməsində polisin gəlməsini, Komitənin müdaxiləsini gözləyirik. İnsanlar qarşılarında görülən hadisəyə niyə reaksiya vermirlər?
Gözlərini yumurlar ki, ailədaxili məsələdir, qarışa bilməzlər. Lakin gələcəkdə özləri də belə hallarla qarşılaşa bilərlər. İctimai qınaq güclənsə, vəziyyət dəyişə bilər",- deyə o əlavə edib.