Şəhidlik zirvəsinə ucalan Əbülfəz...
İkinci Qarabağ müharibəsində hünər göstərib adını tarixə yazan qeyrətli Vətən övladlarından biri də Lerik rayonunun Anbu kəndində boya-başa çatan şəhid kapitan Əbülfəz Rəhmətovdur.
Şəhadətinin dördüncü ildönümündə Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, Yeni Azərbaycan Partiyasının Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, Ərazi Partiya Təşkilatının fəalları, kənd sakinləri və şəhidin ailə üzvləri qəhrəman Vətən sevdalısının məzarı önünə gül çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla anıblar.
Hələ uşaq yaşlarında Vətəninə ürəkdən bağlanan, 31 yaşında canını ona fəda edən Əbülfəz Hüseynverdi oğlu Rəhmətov doğma kəndində orta məktəbini müvəffəqiyyətlə başa vurub 2006-cı ildə Heydər Əliyev adına Ali Hərbi məktəbinə qəbul olmuşdur. 2010-cu ildə Ali Hərbi məktəbini bitirib leytenant hərbi rütbəsi alıb. Elə həmin ildən başlayaraq cəbhə bölgəsində doğma Azərbaycanın keşiyində durub. Daha sonra kapitan rütbəsində Əbülfəz Rəhmətov müxtəlif hərbi hissələrdə tağım komandiri vəzifəsindən başlamış tabor komandiri vəzifəsinə qədər yüksəlib və peşəkar, təcrübəli zabit kimi Azərbaycan Ordusunda ləyaqətlə, vicdanla xidmət edib.
Kapitan Əbülfəz Rəhmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı və motoatıcı taborun qərargah rəisi kimi döyüşlərə qatılıb. Cəbrayılın, Qubadlının azadlığı uğrunda gedən haqq savaşımızda böyük şücaət göstərib, əzmlə vuruşub. 16 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində döyüş tapşırığını yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olaraq ölümsüzlüyə qovuşub. Rəşadət dolu ağır döyüş yolu keçən, 30 il düşmənə əsir düşən Qarabağımızın mətin, xilaskar oğlu ölümündən sona “Vətən uğrunda”, digər medallara layiq görülüb.
44 günlük haqq savaşımızda qanı bahasına qəhrəmanlıq salnaməsini yazaraq xalqımıza qələbə sevincini yaşadan Vətən övladların ömrü əbədidir. Qərinələr boyunca onların qısa, lakin olduqca şərəfli həyat yolları gələn nəsillərə örnək olacaq. Əbülfəz kimi...
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü