4 min itkin azərbaycanlı barədə acı fakt dünya prokurorlarına çatdırıldı...
Mətin Məmmədli: “Azərbaycan hər zaman ikitərəfli aparılan danışıqlarda məlum məsələni qaldırıb, haqlı olaraq tələb edir ki…”
“Işğal dövründə 4 minə yaxın azərbaycanlı itkin düşübdür. Onlar Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq qətlə yetirilmiş və kütləvi məzarlıqlarda basdırılıbdır. Ermənistan hazırda itkin düşmüş bu şəxslərin sonrakı aqibəti, habelə onların basdırıldığı kütləvi məzarlıqların yeri barədə məlumatları bizə təqdim etməkdən imtina edir”. Bu fikir Prezident İlham Əliyevin Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının iştirakçılarına müraciətində yer alır.
Maraqlıdır, kütləvi cinayət faktının Beynəlxalq Prokurorlar Assosiasiyasında səsləndirilməsi gələcəkdə Ermənistana təzyiq, həmin məzarlıqların açılması baxımından nə dərəcədə effektiv olacaq?
“Beynəlxalq Prokurorlar Assosiasiyasında bu məsələnin səsləndirilməsi o deməkdir ki, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana təzyiq göstəriləcək”
Siyasi şərhçi Mətin Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Birinci Qarabağ müharibəsində itkin düşən 4000-ə yaxın soydaşımızın taleyi hələ müəmmalıdır: “İtkin düşən insanların taleyi ilə bağlı Ermənistan bugünə qədər doğru-düzgün məlumat vermir. İşğaldan azad edilən ərazilərdə aparılan bərpa işləri zamanı müxtəlif vaxtlarda kütləvi məzarlıq aşkar olunub. Aşkar olunan kütləvi məzarlıqlar ondan xəbər verir ki, 4000-ə yaxın şəxs amansızca qətlə yetirilib. Ancaq bununla da bağlı Ermənistan Azərbaycana lazımi məlumatları vermir. Bu da iki ölkə arasında danışıqlar prosesinə negativ təsir göstərir. Azərbaycan hər zaman ikitərəfli aparılan danışıqlarda məlum məsələni qaldırıb, haqlı olaraq tələb edir ki, Ermənistan o insanların taleyinə aydınlıq gətirsin. Eyni zamanda, zamanla beynəlxalq platformalarda da bu məsələ müzakirəyə çıxarılıb. Beynəlxalq Prokurorlar Assosiasiyasında da məlum problemin müzakirəyə çıxarılması bu siyasətin tərkib hissəsidir. O da məlumdur ki, Beynəlxalq Prokurorlar Assosiasiyası hüquqi müstəvidə, beynəlxalq səviyyədə fəaliyyət göstərən bir qurumdur. Beynəlxalq Prokurorlar Assosiasiyasında bu məsələnin səsləndirilməsi o deməkdir ki, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana təzyiq göstəriləcək”.
Günel CƏLİLOVA