Dünyanın 2 böyük kəşfiyyat şefi birgə qərar verdi – “Putin qalib gəlməyəcək”...
Rəşad Bayramov: “ABŞ-la Böyük Britaniyanın əsl məqsədi Rusiyanı tükəndirməkdir”
Məlum olduğu kimi, ötən həftə Böyük Britaniya və ABŞ xarici kəşfiyyat agentliklərinin rəhbərləri görüşüb. Böyük Britaniyanın MI6 xarici kəşfiyyat xidmətinin rəhbəri Riçard Mur və onun xaricdəki həmkarı, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns hesab edirlər ki, dünya nizamı “soyuq müharibədən bəri bəşəriyyətin görmədiyi təhlükə altındadır”.
Hər iki yüksək səviyyəli kəşfiyyatçının sözlərinə görə, London və Vaşinqton “Rusiyanın aqressiv təkanlarına və Putinin Ukraynadakı işğalçı müharibəsinə müqavimət göstərmək üçün” vahid cəbhə yaratmaq yönündə fəal əməkdaşlıq edirlər.
Məlum olub ki, onlar Ukraynaya genişmiqyaslı işğalın yaxınlaşmasını əvvəlcədən görüblər və bəzi məxfi məlumatları üzə çıxarmaqla Kiyevə kömək üçün beynəlxalq ictimaiyyəti xəbərdar edə biliblər. Onlar, həmçinin, Ukraynanın müttəfiqlərini Moskvanın eskalasiya təhdidlərinə boyun əyməməyə çağırıblar və Qərbin dəstəyinin Kiyevin uzunmüddətli uğuru üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Həmçinin, Ukraynanın Kurskda əməliyyat aparmasını dəstəkləyiblər. Börns eskalasiya risqlərini etiraf etsə də, Qərb ölkələrinin Rusiyanın təhdidləri ilə "lazımsız şəkildə qorxudulmamalı" olduğunu vurğulayıb. MKİ direktoru, həmçinin Rusiya, Çin, İran və Şimali Koreya arasında yaranan müdafiə alyansından narahatlığını ifadə edib. O, bu koalisiyanın təkcə Ukrayna deyil, həm də Yaxın Şərqdəki Qərb müttəfiqləri üçün təhdid təşkil etdiyini bildirib. Börns və Mur Ukraynanın dəstəklənməsinə toxunaraq, “indi Kursda qalmağın həmişəkindən daha vacib olduğunu” vurğulayıblar. Həmçinin, Putinin uğur əldə etməyəcəyini əlavə ediblər: “Putin uğur qazana bilməyəcək”.
“Müharibənin uzanması da məhz bu strategiyanın tərkib hissəsidir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov hesab edir ki, bütün bu deyilənlər bir sıra məqamlardan xəbər verir: “Əvvəla, Rusiyanın Ukraynaya hücumu böyük səhv idi. Bununla Qərb Rusiyanı tələyə saldı. İlk mərhələdə belə rəy yaradıldı ki, Rusiya qısa müddət ərzində Ukraynanı ələ keçiricək. Ancaq gözləntilərin tam əksi oldu. Rusiya nəzərdə tutulanları reallaşdıra bilmədi. ABŞ-la Böyük Britaniyanın əsl məqsədi Rusiyanı tükəndirməkdir. Müharibənin uzanması da məhz bu strategiyanın tərkib hissəsidir. İki ölkə kəşfiyyat rəhbərlərinin verdiyi mesajların arxasında dayanan niyyət budur. Düzdür, Rusiya ordusu Ukraynada addım-addım irəliləyir, amma böyük itkilər hesabına. Rusiyanın həm insan itkiləri, həm də resurs itkiləri çox böyükdür və bu, daim belə ola bilməz. Vaşinqton və Londona da lazım olan budur. Artıq neçə müddətdir bunun fəsadları Rusiyada özünü göstərir. Qiymətlər artır, bır sıra məhsullar tapılmır, 2 milyon iş yeri boşdur, hərbi xərclər dayanmadan artır, ölkədə demoqrafik durum daha da kəskinləşir və s. Biz nəzərə almalıyıq ki, Rusiyanın ehtiyatları sonsuz deyil. Müqayisə üçün qeyd edək ki, ABŞ hərbi büdcəsi 870 milyard dollar olduğu halda, Rusiyanın hərbi büdcəsi 70 milyard dollardır. Birləşmiş Ştatlar istəsə, qısa müddət ərzində Ukraynanı bütün silahlarla təchiz edib Rusiyanı məğlub edər. Sadəcə, bunu istəmirlər. Məqsəd Rusiyanı hərtərəfli tükəndirməkdir. Ancaq o bir həqiqətdir ki, ABŞ-ın əsas təhdid hesab etdiyi ölkə Çindir. Çinin getdikcə böyüməsi və təsir dairəsinin artması Birləşmiş Ştatları daha çox narahat edir”.
Vidadi ORDAHALLI