Paşinyan onun siyasəti ilə razılaşmayan səfirlərə qapını göstərdi - ərizənizi yazın...
Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin siyasəti ilə razılaşmayan xaricdəki diplomatik missiya rəhbərlərini istefaya çağırıb. Erməni KİV-ləri yazır ki, o, bunu Ermənistanın xaricidəki səfirləri ilə Dilicanda keçirilən görüşdə deyib.
Rəsmi açıqlamaya görə, çıxışında Nikol Paşinyan Ermənistanın xarici siyasətinin prioritet məsələlərinə və çağırışlarına toxunub. Baş nazirin çıxışından sonra xarici siyasət gündəliyində duran məsələlər, mövcud problemlər və onların həlli imkanları müzakirə olunub.
Baş nazirin səfirlərlə görüşünün təfərrüatları rəsmi şəkildə açıqlanmayıb. "Hraparak" nəşri mənbələrə istinadən yazır ki, Paşinyan görüşdə səfirləri açıq mətnlə Ermənistanın çətin dövrə girdiyini, ona görə də qeyri-standart qərarlar qəbul etmək məcburiyyətində qalacaqlarını bildirərək seçim qarşısında qoyub. Bildirib ki, əgər kimsə sadiq əsgər kimi hakimiyyətin göstərişlərinə əməl etmirsə, onların siyasətini rəhbər tutmursa, indidən istefa ərizəsi yaza bilər.
"Mənbəmiz istisna etməyib ki, bəzi səfirlər yaxın vaxtlarda dəyişdirilə, bəziləri öz istəyi ilə gedə bilərlər, bəzilərini Paşinyanın özü dəyişdirəcək", - deyə qəzetdə bildirilir.
Qeyd edək ki, səfirlərin iclası avqustun 26-da başlayıb.
TAHİR