“Ermənistanın Rusiya və KTMT-dən başqa qarantiyası yoxdur" - yeni tonda hədə...
Daşdəmir Əliyev: “Ermənistana açıq mətnlə xatırladılır ki, üzvü olduğu KTMT kimi hərbi bloka alternativ olan qurumla əməkdaşlıq ona baha başa gələ bilər”
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib ki, Ermənistanın təhlükəsizliyi üçün KTMT-dən başqa variant yoxdur:
“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tədbirlərində iştirakına gəlincə, İrəvanın təşkilatla əməkdaşlığa qayıtması üçün qapılar açıqdır. Ermənistanın təhlükəsizliyi üçün KTMT-dən başqa variant yoxdur".
O qeyd edib ki, son nəticədə bu ölkənin sabitliyinin təminatçısı kimi KTMT və Rusiyanın alternativi yoxdur:
“Bu, illər yox, əsrlər boyu sınanmış, erməni xalqı tərəfindən yüksək qiymətləndirilmiş və Ermənistanın tarixində öz əksini tapmış məsələdir. Nəşr olunan hər hansı psevdodərslik bu yazılanları dəyişdirə bilməz".
Zaxarovanın Ermənistanın təhlükəsizlik qarantiyası ilə bağlı bəyanatını həm də həmin ölkəyə ünvanlanan təhdid kimi başa düşmək olarmı?
Hərbi-siyasi şərhçi, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya Ermənistana bu məzmunda təhdidləri artıq açıq mətnlə də edir: “Təxminən bir ay bundan əvvəl Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Vaşinqtonda keçirilən NATO sammitində iştirakından son dərəcə təəssüfləndiyini bildirməklə yanaşı, həmin ölkəyə xəbərdarlıq da etmişdi. O demişdi ki,
təhlükəsizlik sahəsindən danışarkən Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq qaldığını və hərbi və hərbi-texniki sahədə çoxsaylı ikitərəfli sazişlərin iştirakçısı olduğunu bilmək lazımdır.
Ermənistan Vaşinqtonda keçirilən həmin hərbi-siyasi blokun sammitində iştirakdan başqa, NATO standartlarının həyata keçirilməsi, silahların alınması və ya birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi baxımından NATO və ya alyansın ayrı-ayrı üzvləri ilə qarşılıqlı fəaliyyəti artırmağa üstünlük verir.
M.Qaluzin əlavə etmişdi ki, İrəvan məqsədləri Rusiyanın “strateji məğlubiyyəti” olan ölkələrlə belə bir tempdə əməkdaşlığı dərinləşdirməklə, əslində, əlləri ilə öz təhlükəsizliyinə də zidd olaraq Cənubi Qafqazda vəziyyəti ciddi şəkildə gərginləşdirmək risqini yaradır:
“Düşünürəm ki, Ermənistanda bilikli mütəxəssislər və siyasətçilər belə ehtiyatsız addımların mümkün nəticələrini başa düşürlər”.
Göründüyü kimi, Ermənistana açıq mətnlə xatırladılır ki, üzvü olduğu KTMT kimi hərbi bloka alternativ olan qurumla əməkdaşlıq ona baha başa gələ bilər.
Zaxarova bir qədər yumşaq formada Qaluzinin dediklərini təkrarlayıb. Görürlər ki, Ermənistan bu xəbərdarlıqlardan nəticə çıxarmaq istəmir. Bu səbəbdən də, bir daha ona mesaj verirlər ki, dərsliklərə edilən müdaxilələr, tarixi saxtalaşdırmaqla bu manevri edə bilməzlər”.
Ekspertin sözlərinə görə, Ermənistan rəhbərliyinin dəyərləri qərbyönlü xarakter daşıyır, İrəvan Moskvanın dəstəyini Qərbin köməyi ilə əvəz etməyə çalışır: “Bu səhvdir, çünki postsovet məkanında NATO, ATƏT, Avropa Şurası kimi strukturlar peyda olanda onlardan yaxşı heç nə gözləmək olmaz.
Onlar Ermənistanın təhlükəsizliyinə tam təminat verə bilməyəcəklər və şübhəsiz ki, sabitliyi pozacaqlar. Ermənistan Rusiya ilə Belarus və İran arasında kommunikasiyada əsas körpüdür. Ermənistan artıq Türkiyə ilə təmaslara başlayır. Avrasiya problemlərini Qərb strukturları deyil, Avrasiya dövlətləri özləri həll etməlidir. Fransa və ABŞ-dəki erməni lobbi strukturları İrəvanı öz təsir dairələrinə çəkir, Rusiya, İran və Türkiyəyə qarşı tarazlıq yaradır. Ermənistan Rusiyaya növbəti zərbəni endirmək üçün Qərb tərəfindən seçilib. Növbəti addım erməni millətçilərinin Rusiya hərbi bazasının ölkədən çıxarılması tələbləri ola bilər.
Baza Cənubi Qafqaz və Xəzər regionunda ciddi rol oynayır.
İrəvanın Moskvaya qarşı daha bir addımı Ermənistan ərazisinə başqa ölkələrin hərbi kontingentlərinin yerləşdirilməsi ola bilər ki, bunu da edir.
Bu gün postsovet məkanında KTMT-də ciddi islahat tələb edən yeni çağırışlar var. Ermənistana edilən xəbərdarlıqlar bu mövzudan qaynaqlanır”.
Məhəmmədəli QƏRİBLİ