Paşinyan tezliklə COP29-da iştirakı ilə bağlı qərarını açıqlayacaq - KİV
Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin noyabrında Bakıda keçiriləcək COP29 konfransında iştirakı ilə bağlı qərarını tezliklə açıqlayacaq.
Trend xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri öz mənbələrinə istinadən məlumat yayıb.
KİV yazır ki, Paşinyan avqustun 12-də məzuniyyətdən qayıtdıqdan sonra hökumətdə kadr dəyişikliyi edəcək, həmçinin, mətbuat konfransı keçirəcək. O, COP29-da iştirak etmək qərarını açıqlayacaq və Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı konkret mesajlarla çıxış edəcək.
Qeyd edək ki, bu yaxınlarda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev II Şuşa Qlobal Media Forumunda Azərbaycanın Ermənistanı COP29-a dəvət etdiyini açıqlayıb.
Hikmət Hacıyev xatırladıb ki, COP29 prezidenti Muxtar Babayev Ermənistanın xarici işlər nazirinə rəsmi dəvət göndərib.
"Biz Ermənistanı rəsmən COP29-a dəvət etmişik. İki ölkə arasında diplomatik münasibətlərin olmadığı halda bu dəvət Azərbaycanın xoş iradəsini və inklüziv yanaşmasını göstərir. İndi Ermənistan hakimiyyətinin qərar qəbul etməsi zamanı çatıb", - H. Hacıyev vurğulayıb.