Özəl bağçaların bəziləri dövlət himayəsinə alınır - bağçalar arasında rəqabət qızışacaq…
Kamran Əsədov: “Məktəbəqədər təhsil müəssisələri ilə bağlı qrant layihəsinin mahiyyəti uşaqların təhsil alma hüququnu ciddi şəkildə təmin etməkdir”
Yaxın zamanlarda dövlət bəzi özəl uşaq bağçalarını himayəyə götürəcək. Buna səbəbsə dövlət tərəfindən maliyyələşən uşaq bağçalarının az olması və tələbatın tam qarşılanmamasıdır. Bu məqsədlə Elm və Təhsil Nazirliyi özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan edib.
Qeyd edək ki, qrant müsabiqəsinin məqsədi 2024–2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqları özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb etmək və təhsil haqqının bir hissəsini qrant vasitəsilə maliyyələşdirməkdir.
Məlumat üçün bildirək ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Strategiyanın hədəfinə nail olmaq üçün Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.
Maraqlıdır, dövlətin özəl uşaq bağçalarını himayəyə götürməsi nə qədər effektiv olacaq?
“Özəl uşaq bağçaları dövlətin onlara göndərdiyi uşaqların tədrisinin təşkili, tərbiyə prosesinə cəlb olunması və digər xidmətlərdən yararlana biləcəklər ki, bu da kifayət qədər yaxşı haldır”
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu gün Azərbaycanda uşaq bağçalarının sayı azdır. Bağça yaşına çatmış uşaqların yalnız 25 faizə qədəri prosesə cəlb oluna bilir. Dövlət büdcəsindən bu sahəyə kifayət qədər vəsait ayrılır: “Məktəbəqədər təhsil müəssisələri ilə bağlı qrant layihəsinin mahiyyəti ondan ibarətdir ki, əgər hər hansı bir ərazidə uşaq bağçası yoxdursa, şagird sıxlığı varsa, o zaman özəl sektorla bağlanmış müqavilə əsasında uşaqlar həmin özəl məktəbəqədər təhsil müəssisəsinə cəlb olunacaqlar ki, bu da uşaqların təhsil alma hüququnu ciddi şəkildə təmin edəcək. Uşaqların məktəbəhazırlıq qrupuna, uşaq bağçalarına, körpələr evinə getməsi onların təhsil aldığı müddət ərzində akademik göstəricilərinin daha yaxşı olmasına gətirib çıxarır. Uşaqların nəticələri gələcəkdə daha yaxşı olur. Həmçinin uşaqlar bağçalara getdikdən sonra valideynlərin əmək qabiliyyəti də artır. Həm uşaqların təlim-tərbiyəsi, tədrisin təşkili, psixoloji dayanıqlılığı və digər müsbət xarakterik xüsusiyyətlər var. O ərazilərdə ki uşaq bağçaları azdır və yaxud yoxdur, ancaq uşaq var, bu zaman onlar dövlət büdcəsinin vəsaiti hesabına pulları özəl uşaq bağçalarına ödəyəcək”.
Ekspert hesab edir ki, özəl uşaq bağçaları dövlətin onlara göndərdiyi uşaqların tədrisinin təşkili, tərbiyə prosesinə cəlb olunması və digər xidmətlərdən yararlana biləcəklər ki, bu da kifayət qədər yaxşı haldır: “Bu da həm dövlət, həm də özəl uşaq bağçaları arasında rəqabət yaradacaq. Bu zaman maraqlı olacaqlar ki, həmin dövlətin göndərdiyi uşaqları onlar götürsünlər. Bu da yeni rəqabət mühiti yaradacaq”.
Günel CƏLİLOVA