Qroznı hava limanı Azərbaycan təyyarəsi vurulduqdan 5 dəqiqə sonra bağlanıb - yeni təfərrüatlar...
Rusiyanın “ВЧК-ОГПУ” adlı Telegram kanalı Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin qəzası ilə bağlı əldə etdikləri yeni təfərrüatları açıqlayıb.
Trend-in məlumatına görə, nəşr iddia edir ki, təyyarənin Qroznı üzərində hava hücumundan müdafiə sistemi vasitəsilə vurulması ilə bağlı versiya doğrudur. Xüsusən də, Çeçenistan paytaxtının hava limanının AZAL təyyarəsinə zərbə endirildikdən sonra uçuşlara bağlanması bu versiyanı təsdiqləyir.
“Ekipajla Qroznı dispetçeri arasındakı danışıqların deşifrə edilmiş məzmununa əsasən, pilotun dispetçerə bildirdiyi "quşlarla toqquşma" hadisəsi saat 08:16-da baş verib. Məlum olub ki, bütün mülki aviasiya təyyarələrinin təhlükəli zonanı tərk etməsini nəzərdə tutan "Xalça" planı hadisədən bir dəqiqə sonra, saat 08:17-də tətbiq edilib. Görünür ki, hadisə yerində təyyarəyə zərbə endirildiyini anladıqdan sonra bu plan qüvvəyə minib”, - deyə nəşr yazır.
Məqalə müəllifləri qeyd edir ki, təyyarə heyətinə mümkün PUA hücumları ilə bağlı heç bir məhdudiyyət barədə məlumat verilməyib.
"Əgər "Xalça" planı təyyarəyə zərbə endirilmədən əvvəl qüvvəyə minmiş olsaydı, bu barədə ekipaja məlumat verilməli idi. Lakin danışıqların deşifrə edilmiş məzmununa görə, heç bir xəbərdarlıq edilməyib. Həmin günə cavabdeh uçuş rəhbəri isə hava limanının uçuşlar üçün bağlanması barədə məlumatı hərbçilərdən 08:21-də, zərbədən 5 dəqiqə sonra alıb", - jurnalistlər vurğulayır.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.
Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.