İraq prezidenti "yezidi genosidini erməni genosidinin davamı” saydı…
Akif Nağı: “Onlardan Azərbaycana və Türkiyəyə qarşı sui-istifadə etməyə çalışırlar”
İraq prezidenti Əbdül Lətif Rəşid Ermənistanda yerləşən dünya yezidi məbədinin nümayəndəsini ziyarət edib.
Onu Ermənistan Milli Assambleyasının “Mənim addımım” assosiasiyasından olan yezidi deputatı, Ermənistan-İraq dostluq qrupunun rəhbəri Rüstəm Bakoyan müşayiət edib.
Görüşdə İrak prezidenti belə bir fikir də işlədib:
“İraq fəxr edir ki, yezidilər və ermənilər onun tarixi və mədəniyyətinin bir hissəsidir. Yezidilər soyqırıma məruz qaldılar ki, bu da 1915-ci ildə ermənilərə qarşı törədilən soyqırımın davamı idi”.
İraq prezidentinin güya yezidilərin “soyqırımı”nın qondarma erməni “genosidi”nin davamı olması ilə bağlı səsləndirdiyi fikirlər nəyi deməyə əsas verir?
Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ərəb dövlətlərinin Türkiyəyə, Azərbaycana münasibətlərində mövqeləri birmənalı deyil: “Bu, tarixlə və ya reallıqla bağlıdır, bəlli deyil. Ancaq bizim tərəfimizdən qəbul olunan deyil. İraq prezidentinin Azərbaycana səfəri oldu, yüksək səviyyədə də qarşılandı və müəyyən açıqlamalarını eşitdik. Amma yenə də hiss olunur ki, sözünü yarımçıq deyir, tam şəkildə Azərbaycanın haqlı mövqeyini müdafiə etmək istəmir. Təəssüf ki, biz ərəb dövlətlərinin çoxundan belə bir mövqe görürük. O cümlədən İraqdan da bu mövqe görünür. Belə olmalı deyil. Orda da qondarma erməni soyqırımı abidəsini ziyarət etdi. Bu düzgün deyil, çox yalnış hərəkət idi. Hətta necə dərinliyə gedirsə, ermənilərin, yezidilərin “soyqırımından “ danışır. Olmayıb belə şey. Ümimiyyətlə, yezidilərin hardan ortaya çıxdığı bəllidir. Bu, ermənilərin işidir. Yezidilərin içərisində hər zaman türk dünyasına qarşı bir separatçılıq olub. Ona görə də, onlardan Azərbaycana və Türkiyəyə qarşı sui-istifadə etməyə çalışırlar. Mən hesab edirəm ki, bu məsələlər onların diqqətinə çatdırılmalıdır. Ermənistana, xristian dünyasına xüsusi münasibət göstərmək istəyirlər. Ancaq başa düşmürlər ki, onun-bunun əlində oyuncağa çevrilirlər. Ərəb dövlətlərinin də bədbəxtliyi budur. Amma Azərbaycan səbrlə başa salmalıdır onları, reallıqları çatdırmalıdır”.
Ermənistanda səfərdə olan İraq Prezidenti qondarma soyqrım abidəsini də ziyarət edib. Erməni mediası İraq Prezidentinin "soyqrım abidəsi"ni ziyarət etməsinin görüntülərini yayıb. İraq prezidenti də bilir ki, bu uydurma abidədir. Amma ona rəğmən yenə də qondarma "soyqırımı" abidəsini ziyarət etməkdən çəkinməyib. Bu da məhz Türkiyəyə qarşı sərgilənən mövqedir. Digər bir amil isə ABŞ-ın təsiri ilə bağlıdır. Mümkündür ki, İraq prezidenti məhz ABŞ-ın təzyiqi ilə qondarma abidəni ziyarət edib. Bütün hallarda bu hadisənin baş verməsinə səbəb kimi protokol qaydaları və İraqdakı erməni diasporunun fəaliyyətini də göstərmək mümkündür. İraq prezidenitinin yezidilərlə bağlı işlətdiyi fikirlər də bu reallıqlardan doğub. Ancaq perspektivi olmayan cəfəngiyatdan başqa nəsə deyil.
Məhəmmədəli QƏRİBLİ