Rusiyanın İrəvandakı Qarabağ ermənilərinə humanitar yardımı nə deməkdir...
Əli Mustafa: “Bununla Qarabağ ermənilərinə mən sizi unutmamışam mesajı verir”
Məlum olduğu kimi, Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi vasitəsilə Qarabağı tərk etmiş ermənilər üçün İrəvana 40 ton humanitar yardım göndərilib.
Məlumat üçün qeyd edək ki, bu günlərdə ermənilərin Azərbaycan ərazilərini tərk etməsindən 2 ay ötüb. Rusiya bu müddət ərzində onlara hansısa humanitar yardım etməyə ehtiyac duymayıb. Ermənistan hökuməti, eləcə də ermənipərəst Qərb ölkələri, beynəlxalq fondlar “məzlum ermənilərə” milyonlarla dollar vəsait ayırıb.
Maraqlıdır, Rusiyanın bu “yardım kampaniyasına” qoşulmaqda məqsədi nədir? Bununla Qarabağ ermənilərini Paşinyana qarşı yönəltmək istəyir, ya erməni cəmiyyətində nüfuzunu bərpa etmək niyyətindədir? Bir sözlə, Rusiyanın bu addımı atmasına səbəb nədir?
“Rusiya revanş götürmək barədə düşünür və Paşinyanı devirib, parlamentdə müxalif qüvvələri hakimiyyətə gətirmək istəyir”
Sözügedən məsələyə aydınlıq gətirən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafa “Bakı-Xəbər”ə açıqlamasında bunu bir sıra amillərlə əlaqələndirdi: “Rusiyanın bu addımı atması başadüşüləndir. Çünki Cənubi Qafqazda Ermənistan uğrunda bir savaş var. Rusiya-Qərb, Rusiya-ABŞ, Rusiya-Fransa arasında mübarizə gedir. Bu dövlətlər çalışırlar ki, Ermənistana daha çox nüfuz etsinlər, ictimai rəyə təsir göstərsinlər. Bu minvalla erməni cəmiyyətinin sevgisini qazansınlar və s. Təbii ki, bu məsələdə Rusiyanın Ermənistandakı rəqibləri daha cazibədardır. Söhbət əsasən Birləşmiş Ştatlardan gedir. Ermənistan əhalisi bu gün daha çox Qərbə meyllidir, nəinki Rusiyaya. Belə bir açıq hibrid savaşda Rusiya təslim olmaq istəmir. Ona görə də bir formada – humaitar yardım adı altında prosesə qatılır. Bu minvalla onların rəğbətini qazanmağa çalışır. İkincisi, Ermənistanda proseslər hələ durulmayıb və yekunlaşmayıb. Rusiya hələ də burada revanş götürmək barədə düşünür. Yəni Paşinyanı devirib parlamentdə müxalif qüvvələri hakimiyyətə gətirmək istəyir. Bu məsələdə, əlbəttə, Qarabağ ermənilərindən bir vasitə kimi istifadə etməyi nəzərdən keçirirlər. Humanitar yardımın bir məqsədi də budur. Hərçənd, bunun nə dərəcədə uğurlu olacağını demək çətindir. Çünki Qarabağ erməniləri oranı tərk ediblərsə, onların əvvəlki kimi Rusiyaya rəğbət bəsləməsi mümkünsüzdür. Əksinə, onların içində Rusiyaya nifrəti olanların sayı artıb. Hesab edirlər ki, Rusiya sülhməramlıları onları qorumadı. Bütün bunların fonunda, Rusiya erməni cəmiyyəti uğrunda bir psixoloji mübarizə aparır. Həm də Qarabağ ermənilərinə xüsusi yardım edib onların rəğbətini qazanmağa çalışır. Bununla Qarabağ ermənilərinə mən sizi unutmamışam mesajı verir. Həm də Azərbaycana mesaj verir ki, istəsəm belə də edə bilərəm. Yəni erməni tərəfinə dəstək verə bilərəm, Qarabağ ermənilərinin hüquqlarını qoruya bilərəm. Zatən Qarabağ ermənilərinin geri qaytarılması məsələsi gündəmdədir. O üzdən, bütün bunlar Ermənistanda gedən geosiyasi mübarizənin bir tərkib hissəsidir”.
Vidadi ORDAHALLI