AQTA "donqili araq" bazarına qarşı addım atdı - hər cür spirtdən istifadə edə bilməyəcəklər...
Azərbaycanda alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı icazə sistemi təkmilləşdirilir. Bununla bağlı məsələ Milli Məclisin Aqrar siyasət komitəsində müzakirə edilən “Qida təhlükəsizliyi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Maraqlıdır, icazə şərtlərinin dəyişdirilməsi məhsulun qiymətinə necə təsir göstərəcək?
Eyyub Hüseynov: "Azərbaycanda saxta içkilərin satışı ilə bağlı şəbəkə var"
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda saxta içkilərin satışı ilə bağlı şəbəkə var: "Hər həftə ölkənin ən müxtəlif yerlərindən hətta axşam saatlarında telefonuma zəng vurub saxta içki satışına rast gəldikləri, onun qarşısını almağın yolları barədə suallar verirlər. Axşam zəng vurduqları üçün heç bir dövlət qurumuna xəbər vermək olmur. Alkoqollu içki bazarının bərbad olmasının əsl mənzərəsini dörd il bundan öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi açdı və tam olaraq masanın üstünə qoydu. Məlum oldu ki, brend restoranlarda saxta içkilər istehlakçılara ən bahalı içkilər kimi təqdim olunur. Baha qiymətə alınan içkilərin qabları atılmır, onları yenidən doldururlar və satırlar. Bununla həm istehlakçının hüquqları pozulur, həm də ölkədə işki bazarında böyük xaos yaranır”.
Ekspert onu da əlavə etdi ki, illər boyu Azərbaycanda bu məsələ davam edir.
Fuad İbrahimov: "Alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı da icazə sistemi təkmilləşdirilir"
İqtisadçı Fuad İbrahimov bildirdi ki, alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı da icazə sistemi təkmilləşdirilir: "Aqrar siyasət komitəsinin iclasında müzakirə edilən “Qida təhlükəsizliyi haqqında” qanuna dəyişiklik layihəsində qeyd edilir ki, icazə sisteminin təkmilləşdirilməsi qeyd edilən sahədə fəaliyyət göstərən intizamlı və peşəkar sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə səbəb olacaq. Eyni zamanda, daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına, istehsalın və dövriyyənin tənzimlənməsinə, vergidən yayınma hallarının və qeyri-qanuni istehsalın qarşısı alınacaq. Həmçinin, mövcud sahədə rəqabətədözümlü investisiya mühitinin formalaşmasına və istehsal olunmuş məhsulların ixrac potensialının artırılmasına xidmət edəcəkdir. İstehsal fəaliyyətinin həyata keçirildiyi qida obyektində ölçü cihazlarının quraşdırılması alkoqollu içki istehsalçılarının istehsal həcmlərinin gizlədilməsi hallarının qarşısının alınmasına və hazır məhsul dövriyyəsinin müəyyənləşdirilməsinə xidmət edir. Alkoqollu içki növü olan arağın idxalı ilə bağlı təchizatçı ilə müqavilənin, eləcə də istehsalda xammal qismində istifadə olunan spirtin alışına dair sənədlərin mövcudluğu şərtinin müəyyən edilməsi bu sahədə mənşəyi məlum olmayan və aşağı keyfiyyətli malların dövriyyəsini, eləcə də kölgə iqtisadiyyatının həcmini məhdudlaşdıracaq".
Günel CƏLİLOVA