Dünya səyyahları Laçında... - FOTO
Dünyada ən çox tanınmış dörd nəhəng səyyah klublarından biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Çarlz Vilinin (Charles Veley) rəhbərlik etdiyi səyyahların işğaldan azad olunan ərazilərə səfəri davam edir.
Səfərin marşrutuna müvafiq olaraq səyyahlar Kəlbəcərdən Laçına gəliblər.
Onlar şəhərdə aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. Məlumat verilib ki, hazırda Laçın şəhəri ilə bərabər rayonun Zabux və Sus kəndlərində də sakinlər öz doğma yurdlarına qayıdıblar. Bildirilib ki, Laçın şəhərində 534 ailə olmaqla 1971 nəfərin, Zabux kəndində 217 ailə olmaqla 823 nəfərin, Sus kəndində 59 ailə olmaqla 215 nəfərin məskunlaşması təmin edilib və köçürülən ailələr üçün bütün şərait yaradılıb. Həmçinin rayon ərazisində görülən mühüm işlər barədə səyyahlara məlumat verilib.
Qeyd edək ki, son 4 ildə 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi böyük qruplarla Qarabağ və Şərqi Zəngəzurda 10 dəfə səfərdə olublar. 25-27 iyulda bir qrup beynəlxalq səyahətçinin MTP (Most Traveled People) səyahət klubunun təşkilatçılığı ilə Qarabağ və Şərqi Zəngəzura olan növbəti səfəri sayılır. MTP-nin səfəri bu qəbildən olan sayca 11-ci səfərdir. Heyətə Çarlz Vili rəhbərlik edir.
ZÜMRÜD