"Suriya ərazisinin terrorçulardan təmizlənməsinin tərəfdarıyıq" - Türkiyədən AÇIQLAMA
"Ankara Suriya ərazisinin terrorçulardan təmizlənməsinin tərəfdarıdır." Bu barədə cümə axşamı Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasının yekunlarına dair açıqlanan bəyanatda deyilir. Bildirilib ki, bu, ilk növbədə Suriyanın maraqlarına cavab verir və ölkənin gələcək inkişafına zəmanət verir.
MTŞ-də Türkiyənin Suriyada “genişmiqyaslı ictimai harmoniya” mühitinin formalaşmasına bundan sonra da töhfələr verməyə hazır olduğu vurğulanıb. Bəyanatda Türkiyə və Suriya xalqları arasında gərginliyin artmasının yolverilməzliyi, həmçinin İraq və Suriya da daxil olmaqla qonşu ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət məsələsində Ankaranın mövqeyinin dəyişməzliyi göstərilir.
Ankaranın bölgədə, o cümlədən Egey və Aralıq dənizlərində Türkiyənin hüquq və maraqlarını müdafiə etməyə davam etmək əzminə diqqət çəkilir. “Türkiyə siyasətində konstruktivlik və dialoq istəyi heç də hər hansı güzəşt və maraqlardan uzaqlaşma imkanını nəzərdə tutmur. Bu, Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq aləmdə tanınmasına nail olmaq istəyinə də aiddir”, - deyə sənəddə qeyd olunub.
Mətləb Salahov