Azərbaycan kredit ittifaqlarında mənfəət tənəzzülü nə ilə bağlıdır…
Əkrəm Həsənov: “Kredit ittifaqlarına mənfəətlə işləmək sərf etmir”
Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,7 milyon manat zərərlə başa vurub. Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda qeyd edilir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 80 % çoxdur.
Bu il iyulun 1-nə kredit ittifaqlarının aktivləri 12,4 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,3 % azdır. Bunun 10,7 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 3,6 % kiçilib.
Qeyd edək ki, ölkədə son üç ildə Mərkəzi Bank bir neçə kredit ittifaqının lisenziyasını ləğv edib və bu illər ərzində bazarda hələ ki, yeni kredit ittifaqı yaranmayıb. Cari siyahıya görə, 40 lisenziyalı Kredit İttifaqı fəaliyyətdədir. Mərkəzi Bankın hesabatlarında qeyri-bank kredit təşkilatlarının ölkənin kreditləşməsində rolunun çox aşağı olduğuna dair bir neçə dəfə şərh verilib.
Maraqlıdır, kredit ittifaqlarının zərəri niyə artıb?
“Azərbaycanda mənfəətlə işləyən kredit ittifaqı yox səviyyəsindədir”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanda mənfəətlə işləyən kredit ittifaqı yox səviyyəsindədir: “Kredit ittifaqları Azərbaycanda bir qayda olaraq formal və səmərəsiz qurumlardır. Kredit ittifaqları əslində kooperativ kimi fəaliyyət göstərməlidir. Öz üzvlərinə kredit verməlidirlər. Reallıqda isə bu belə deyil. Bu qurum kimə kredit vermək istəyirsə, onları üzv kimi qəbul edib kredit verir. Bu səbəbdən də onların gəlirlə işləməsi mümkün olmur. Çox vaxt da zərərlə işləyirlər. Hansısa təşkilatlardan kredit götürürlər. Orada müxtəlif üsullarla bu pullar dağıdılır”.
Ekspert hesab edir ki, kredit ittifaqlarına mənfəətlə işləmək sərf etmir: “Bəllidir ki, mənfəət olarsa vergi ödənilməlidir. Bu səbəbdən də kredit ittifaqları süni yolla zərərə çıxırlar ki, vergi verməsinlər. Zərər də necə meydana çıxır? Guya kimsə kreditini vaxtında ya heç qaytarmır, ya da kredit batır. Buna görə də hesab edirəm ki, Azərbaycanda Kredit İttifaqları bir qayda olaraq qeyri-ciddi təşkilatlardır”.
Ekspert onu da əlavə etdi ki, müəyyən etmək lazımdır ki, bu təşkilatlar krediti hardan götürür: “Hansı pullar dağıdılır? Bəlkə də bu pullar qanunsuz yollarla hardansa çıxarılır”.
Günel CƏLİLOVA