Bəzi universitetlərdə illik təhsil haqqı artırıldı - YENİLƏNDİ
Sosial şəbəkələrdə universitetlərdə illik təhsil haqqının artırıldığı ilə bağlı məlumat yayılır. Qeyd edilir ki, sözügedən artım 200-300 manat arası təşkil edir. Trend məsələ ilə bağlı universitetlərə sorğu ünvanlayıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov qeyd edib ki, bu ilə qədər bütün ixtisaslar üzrə 2000 AZN təşkil edirdi.
"Bu ildən sonra artıq 2300 AZN olacaq", - deyə o əlavə edib.
Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova bildirib ki, universitetdə təhsil haqqı artımı yoxdur.
Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı qeyd edib ki, Azərbaycan Dillər Universitetində bir sıra ixtisaslarda qismən təhsilhaqqı dəyişikliyi nəzərdə tutulub.
"Buna misal olaraq, ingilis dili müəllimliyi, ingilis, alman və fransız dilləri üzrə Dil və ədəbiyyat müəllimliyi, eləcə də tərcümə, beynəlxalq münasibətlər ixtisaslarını göstərmək olar. İngilis dili müəllimliyi ötən illərdə 2500 AZN olub, indi isə 2700 AZN olacaq", - deyə o bildirib.
Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Quliyeva bildirib ki, BDU-da tələbə qəbulunun 70 faizdən çoxu dövlət sifarişlidir: "Ödənişli əsaslarla təhsil haqlarında, əsasən, dəyişiklik yoxdur".
Azərbaycan İqtisad Universitetinin (UNEC) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova qeyd edib ki, bu barədə dəqiq məlumat yoxdur.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) mətbuat katibi Nicat Abdullayev bildirib ki, bu il təhsil haqlarında hansısa dəyişiklik nəzərdə tutulmayıb.