Tramp Ukraynaya rekord məbləğdə silah tədarükünün yolunu aça bilər – keçmiş dövlət katibindən şok iddia…
ABŞ-ın sabiq prezidenti Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Kiyevə silah tədarükünü artırmaq üçün 500 milyard dollarlıq Lend-liz proqramını təsdiqləyə bilər.
ABŞ-ın sabiq dövlət katibi və Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Mayk Pompeo bu barədə “The Wall Street Journal” nəşrinə müsahibəsində deyib.
Siyasətçinin sözlərinə görə, bu proqram Kiyevə Amerika silahlarını əldə etmək üçün lazımi qədər borc almağa imkan verəcək. Eyni zamanda, Donald Trampın Ukrayna ilə bağlı sülh planı həm də Kiyevin ala və istifadə edə biləcəyi silah növlərinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmağa kömək edəcək. Bu da öz növbəsində Amerikanın müdafiə sənayesinin güclənməsinə gətirib çıxaracaq.
Bir müddət öncə Donald Tramp prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynadakı münaqişəni tez bir zamanda həll edəcəyinə, həmçinin ABŞ Prezidenti Cozef Baydenin hazırkı administrasiyasının siyasəti səbəbindən başlaya biləcək üçüncü dünya müharibəsinin qarşısını alacağını bildirib.
Qeyd edək ki, II Dünya müharibəsi illərində ABŞ-ın qəbul etdiyi Lend-liz aktı Vaşinqtona müttəfiqlərini pulsuz silah-sursat, avadanlıq, ərzaq, tibbi ləvazimatlar və dərmanlar, strateji xammal, o cümlədən neft məhsulları ilə təmin etməyə icazə verib. O zaman Lend-liz aktından əsasən Böyük Britaniya və SSRİ faydalanıb.