Təki gələnlərin sırasından Çələbilər, Nikitinlər, Heyerdallar çıxsın....
"Bakı Xəbər" qəzetinin Baş redaktoru, politoloq Aydın Quliyev öz Facebook səhifəsində işğaldan azad olunmuş və bərpa edilməkdə olan rayonlarımız barədə paylaşım edib. A.Quliyev yazır: "İşğaldan azad olunmuş və bərpa edilməkdə olan rayonlarımıza- əsasən Şuşaya, Xankəndinə, Xocalıya xaricdən səyyahlar dəstəsinin gəlişinin ayrı məzmunu var. Bu işin tarixi qaynaqları və perspektivləri də maraqlıdır. Hazırda dünyanın tanınmış səyyah qruplarından biri sayılan "Ən səyahətcil insanlar" qrupu rayonlarımızdadırlar.
Onların arasında müxtəlif peşə təmsilçiləri var. Şairlər, yazıçılar, heykəltaraş və rəssamlar da olmamış deyil. Yəni onların hərəsinin bu torpaqlarda gördüklərini tarixi yaddaşlara yazaraq mənəvi irsə çevirmək üçün hansısa imkanı, gücü , qabiliyyəti var. Bizə də elə lazım olan bu deyilmi? Ümumiyyətlə səyyahların təəssüratları həmişə qiymətli məlumat və bilgi mənbəyi olub.
15- ci əsrdə Şamaxıya gəlmiş rus səyyah Afanasi Nikitinin ölkəmiz haqqında təəssüratları hansısa bir dövrdə insanlar üçün müəyyən bələdçi rolu oynadı.17- ci əsrdə İstanbuldan gəlmiş səyyah Övliya Çələbi 10 cildlik əsərinin 2- ci cildində Azərbaycan haqda qiymətli məlumatlar toplayıb. 20- ci əsrdə məşhur Norveç səyyahı Tur Heyerdalın isə Azərbaycana səfərinin nəticələri çoxlarına bəllidir.
Səyyahlar bu gün də gəlir. Onların Qarabağ haqda yazdıqları , gördükləri, yaydıqları , danışdıqları nə vaxtsa Nikitinin, Çələbinin, heyerdalın irsi qədər ölkəmiz üçün əhəmiyyətli rol oynaya bilər. Təki gələnlərin sırasından Çələbilər, Nikitinlər, Heyerdallar çıxsın...."
Mətləb