Dünya səyyahları Ağdamda erməni vandalizminin şahidi oldular... - FOTO
Dünyada ən çox tanınmış dörd nəhəng səyyah klubundan biri olan “Most Traveled People” (MTP) səyahət klubunun 35 nəfərlik heyəti Qarabağa və Şərqi Zəngəzura səfəri çərçivəsində iyulun 25-də Ağdama gəliblər. Xarici səyahətçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar.
Əvvəlcə Ağdam şəhərindəki Şəhidlər xiyabanına gələn səyyahlara burada Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladlarının, o cümlədən Xocalı soyqırımında qətlə yetirilən dinc sakinlərin bir hissəsinin dəfn edildiyi bildirilib. Qeyd olunub ki, Ağdam şəhərini yerlə-yeksan edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də dağıdıblar.
Xarici səyyahlar sonra Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına da baxıblar. Məlumat verilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi xarabalıqlar qalıb.
Ağdam şəhər Cümə məscidi ilə tanış olan səyyahlara məlumat verilib ki, 1868-1870-ci illərdə inşa edilmiş məscid də digər tarixi-dini abidələr kimi erməni vandalizminə məruz qalıb. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində mal-qara saxlayıblar. Ağdam şəhəri işğaldan azad edildikdən sonra məscid Azərbaycan dövləti tərəfindən bərpa olunub.
Xarici səyyahlara Ağdamda həyata keçirilən bərpa-tikinti işləri barədə də məlumat verilib.
Qeyd edək ki, adı dünyanın ən böyük səyyahları siyahısında ilk onluqda yer alan Çarlz Vilinin (Charles Veley) rəhbərlik etdiyi heyətin səfərinə 13 ölkədən beynəlxalq səyahətçilər qatılıblar. Bu ölkələr sırasında ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digərləri də var.
Bu, klubun üzvlərinin işğaldan azad edilmiş ərazilərə dördüncü səfəridir. MTP daha əvvəl Qarabağa və Şərqi Zəngəzura üç dəfə səfər edib. Vətən müharibəsindən ötən dörd il ərzində isə 50-yə yaxın ölkədən 400-dək beynəlxalq səyahətçi böyük qruplarla Qarabağa və Şərqi Zəngəzura 10 dəfə səfər edib. Bugünkü səfər bu qəbildən olan sayca 11-ci səfərdir.
Nəzərə alsaq ki, beynəlxalq səyyahların sosial mediada dünyanın ən müxtəlif bölgələrindən xeyli sayda izləyici ordusu var, belə səfərlər azad edilmiş ərazilərdəki böyük dağıntılar və aparılan nəhəng quruculuq-bərpa işləri ilə yerində tanış olmağa imkan yaratmaqla, reallıqların dünyaya nümayişi üçün müstəsna əhəmiyyət daşıyır.