50 milyon manat büdcə pulu 60 min onkoloji xəstəyə nə fayda verə biləcək...
Aydın Əliyev: “Bu sahəyə daha çox vəsait ayrılmalıdır”
Azərbaycanda rəsmi qeydiyyata alınmış təxminən 60 min onkoloji xəstə var. Məlumdur ki, 2024-cü ilin dövlət büdcəsindən onkoloji xidmət üçün 50 milyon manat pul ayrılacaq. Bəs 50 milyon manat 60 min onkoloji xəstə nisbətində yetərlidirmi?
“Bir xəstənin müayinə, diaqnostika və müalicəsi üçün təqribən 800 manat hesablanıb, bu məbləğ onkoloji xəstələr üçün çox kiçik rəqəmdir”
Həkim-radioloq Aydın Əliyev baki-xeber.com-a şərhində bildirdi ki, 2024-cü ilin dövlət büdcəsindən onkoloji xidmət üçün cəmi 50 milyon manat pul ayrılıb. Bu məbləğə onkoloji xəstələrin müayinəsi, diaqnostikası, müalicəsi, onkoloji klinikaların maddi-texniki bazasının inkişafı və s. xərclər daxildir: “Ölkəmizdə rəsmi olaraq qeydiyyata alınmış 60 min civarında, reallıqda isə daha çox onkoloji xəstə var. 1 xəstənin müayinə, diaqnostika və müalicəsi üçün təqribən 800 manat hesablanıb. Bu məbləğ bu xəstələr üçün çox kiçik rəqəmdir. Mən evini satıb, bankdan kredit götürüb, lombarddan pul götürüb, hətta məcburiyyətdən sələmə girib onkoloji xəstəliyinin müalicəsinə xərcləyən və nəhayətdə pulu çatmayıb sosial şəbəkələrdə bank hesabını paylaşıb insanlardan pul toplayaraq onkoloji xəstəliyini müalicə etdirmək istəyən və buna nail ola bilməyib həyatını itirən xəstələr görmüşəm. Bizim kimi bir varlı ölkə üçün bu qəbahətdir. Heç yadımdan çıxmır, bir kitabda belə bir təsirli cümlə oxumuşdum: onkoloji xəstənin həkimə ilk müraciət şansı əksər hallarda onun üçün həm də son şansdır. Onkoloji xəstəliklərin müalicəsinin effektivliyi xəstəliyin erkən diaqnostikasından çox asılıdır. Bu sahəyə daha çox vəsait ayrılmalıdır. Onkoloji xəstəliklər rastgəlmə tezliyinə görə ilk üçlükdədir”.
Günel CƏLİLOVA