Mollaların və minbərlərin İran qiyafəsində olmasına necə son qoyula bilər...
Tural İrfan: “Məzhəbindən asılı olmayaraq, bütün din xadimləri vahid geyimi geyməlidir”
Azərbaycanda din xadimləri artıq onlar üçün təsis edilən yeni geyim formasından istifadə edirlər. Bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb. Qeyd edək ki, din xadimlərinin vahid forması göy rəngdədir.
Azərbaycanda din xadimlərinin geyimi müzakirə mövzusu olub. Bəziləri məscid imamlarının standart dini geyimləri olmasının vacibliyini vurğulayır. Bəziləri isə iddia edir ki, məscidlərdə bir çoxu İran mollalarına məxsus qiyafədə minbərə çıxır, hətta minbəri qara parçaya bürüyüb xurafat danışanlar da olur.
“Din xadimlərinin geyim forması necə olmalıdır” sualı həm də ona görə aktual olub ki, Ərəbistan, Türkiyə, İran din xadimlərinin öz geyimləri olduğu halda, bu, Azərbaycanda indiyədək tətbiq edilməyib.
Ümumiyyətlə, din xadimləri üçün belə bir vahid formaya ehtiyac varmı?
“Din xadimləri üçün müəyyən olunmuş formanın göy rəngdə olması həm müasirliyə, həm də dinə uyğundur”
Ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, geyim rəmzi məna daşıyır. Hər xalqların özünə məxsus milli geyimi var. Ancaq İslam dinində qayda fərqlidir: “Belə ki, hər xalqın, dövlətin özünə aid islam modeli formalaşıb. Pakistanda İslam Respublikasının dini qiyafətində milli çalarlar əks olunub. Türkiyə və digər islam ölkələrində dini geyim fərqlidir. Təəssüf ki, Azərbaycanda indiyə kimi din xadimlərinin vahid forması olmayıb. Bu səbəbdən də din xadimlərin hər biri fərqli formada geyinib. Bu da uyğun bir məsələ deyil. Məlumdur ki, fərqli din modellərinin ölkəyə gətirilməsi təhlükəli məsələdir. Açıq deyim ki, İranmeylli şəxslər, din xadimləri həmin ölkənin qəbul etdiyi geyimləri geyirdi. Səudiyyə Ərəbistanında təhsil alanlar isə onların dəbinə uyğun qiyafətlər geyirdi. Ümumiyyətlə, din xadimlərinin geyim məsələsində məzhəb də rol oynayırdı, seçilsin deyə”.
T.İrfan hesab edir ki, din xadimləri arasında vahid geyim tətbiq olunmalıdır. Məzhəbindən asılı olmayaraq bütün din xadimləri vahid geyimi geyməlidir: “Türkiyədə qayda belədir ki, din xadimləri başlarına sarıq bağlayır və cübbə adlanan geyim geyirlər. Bu geyim müasirliyə də uyğundur. Artıq ölkəmizdə də din xadimləri vahid forma geyəcəklər. Din xadimləri üçün müəyyən olunmuş formanın göy rəngdə olması həm müasirliyə, həm də dinə uyğundur. Bu səbəbdən də din xadimlərinin vahid qiyafədə olması çox zəruri məsələdir. Nəzərə almaq lazımdır ki, din xadimləri məscidlərə təyin olunur, onlara dövlət tərəfindən dəstək olunur. Buna görə də din xadimi adi vətəndaşlardan seçilməlidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Hz.Peyğəmbər də geyimini öz müasir dövrünə uyğun geyinib: “Peyğəmbərimiz Hz.İbrahimin, Hz.Musanın dövrünə aid geyim geyinməyib ki, indi də din xadimləri 1400 il əvvələ uyğun geyinsinlər. O baxımdan da orta əsr qiyafəsi geyim sayıla bilməz. İndi həmin geyimləri geymək geridəqalmışlıq təfəkkürüdür. Peyğəmbərin yolu ilə gediriksə biz də öz dövrümüzün qiyafəsini geyməliyik. Orta əsrlərin əbasına bürünmək, yeddi metrlik ağı başa sarımaq lazım deyil. Dövrlə bərabər geyim tərzi də dəyişir”.
Günel CƏLİLOVA