Paşinyan sülh sazişi ilə bağlı təzə pozuculuq tezisləri verdi...
Ceyhun Məmmədov: “Paşinyanın belə açıqlamalarının əsas məqsədi Qərbə yönəlik mesajdır”
Erməni Parlamentində dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı baş nazir Nikol Paşinyan bəyan edib ki, Azərbaycanla sülh müqaviləsi ona görə təxirə salınır ki, tərəflər bir-birinə etimad etmir.
O bunu belə əsaslandırıb: “Azərbaycanla sülh prinsipləri razılaşdırılıbsa, problem nədədir, niyə biz irəliləyə bilmirik, niyə sülh sazişini imzalamırıq? Səbəb əsasən tərəflər arasında etimadın olmamasındadır, çünki hər dəfə biz də, Azərbaycan da öz bəyanatlarımızda, hərəkətlərimizdə razılaşmalardan imtina etmək və təcavüzkar hərəkətlər planlaşdırmaq niyyəti görürük. Bu, sülh sazişinin mətni üzərində işə mənfi təsir göstərir. Yaxın günlərdə bir neçə əsas məsələyə aydınlıq gətirilməlidir, onlardan biri sülh sazişinin yanlış şərhinin aradan qaldırılması mexanizminin formalaşdırılmasıdır. Təəssüf ki, reallıq belədir ki, istənilən təklif müxtəlif formalarda təfsir oluna bilər, buna görə fərqli təfsirlər olduğu təqdirdə bunu necə aradan qaldıracağımızın dəqiq şərhi olmalıdır. Digər bir məsələ təhlükəsizlik zəmanətidir ki, sülh müqaviləsi imzalandıqdan sonra gərginlik olmayacaq”.
Görünən odur ki, Paşinyan sülh sazişi ilə bağlı hər dəfə "yeni" pozucu tezislərlə çıxış edir. Bu dəfə də məsələni öz aləmində qarşılıqlı etimadın olmaması və digər məqamlarla əlaqələndirir.
“Guya Ermənistan sülh istəyir, Azərbaycan isə sülhə mane olur...”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən millət vəkili Ceyhun Məmmədov hesab edir ki, Paşinyan hakimiyyəti sülh istəmədiyi üçün belə uydurmalarla çıxış edir: “Bu gün reallıq odur ki, Ermənistan sülh istəmir. Paşinyanın belə açıqlamalarının əsas məqsədi Qərbə yönəlik mesajdır. Yəni, guya Ermənistan sülh istəyir, Azərbaycan isə sülhə mane olur. Paşinyanın tez-tez işlətdiyi biz sülh istəyirik ifadəsi əslində reallığı əks etdirmir. Çünki bu gün nə Qərb, nə də Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Onlar bu gün bölgəmizə sülhün gəlməsini reallıqda istəmirlər. Ancaq bu anlamda belə açıqlamalar verilir. Yəni bütün bu açıqlamaların, bəyanatların əsas hədəf və məqsədi odur ki, Azərbaycanı qaralasınlar. Guya Azərbaycan sülhdə maraqlı tərəf deyil. Guya Azərbaycanın günahı üzündən regionda gərginlik və qarşıdurma davam edir. Əslində bu deyilənlərin heç bir əsası yoxdur. Çünki Azərbaycan sülh prosesində maraqlıdır. Regionda pozuculuq mövqeyindən çıxış edən tərəf Ermənistandır. Regiona sülhün gəlməsinə mane olmaq üçün davamlı olaraq belə bəyanatlarla çıxış edir. Bütün bunlar öz növbəsində regionda gərginliyin artmasına öz təsirini göstərir. Hesab edirəm ki, burada Qərbin də üzərinə böyük məsuliyyət düşür. Əfsuslar olsun ki, Qərb üzərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə, Ermənistanı silahlandırır. Nəticədə məğlub Ermənistan yeni-yeni təxribatların baş verməsinə, bölgədə gərginliyin artmasına rəvac verir. Bu gün məsələnin mahiyyətində həm də bu amil dayanır. Ona görə də bu yanaşma, baxış, təfəkkür dəyişməlidir ki, biz bölgəyə sülhün gəlməsinə nail ola bilək. Bütün bunlar baş vermədikcə, biz sülhə və dayanıqlı sabitliyə nail ola bilməyəcəyik”.
Vidadi ORDAHALLI