Bakıda İsrail səfirliyinə qarşı terror cəhdinin qarşısı alındı - DETALLAR AÇILIR...
Xarici dövlətin Azərbaycandakı səfirliyinə qarşı terror aktının qarşısı alınıb. Bu barədə yerli KİV-lər mənbələrə istinadən xəbər verir.
KİV-lərin məlumatına görə, uzun müddət gizli müşahidələr aparmış M.H.Hüseyinzadə 2023-cü ilin noyabr ayında xarici dövlətin Azərbaycandakı diplomatik nümayəndəliyinin Bakı şəhərində olan inzibati binasına silahlanmış vəziyyətdə terror aktı törətmək üçün soxulmağa cəhd edərkən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılaraq tərksilah edilib.
Terror aktının hansı ölkənin diplomatik missiyasına qarşı törədilməsinin planlaşdırıldığı açıqlanmır.
Bakı şəhəri Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti müstəntiqinin M.H.Hüseyinzadə barəsində verilmiş vəsatətinə baxılıb.
Məhkəmənin qərarı ilə M.H.Hüseyinzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
M.H.Hüseyinzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.3 və 28, 214.2.6-cı maddələri ilə təqsirləndirilir.
Bu arada İsrail mediası saxlanan şəxsin hədəfində İsrail səfirliyi olduğunu yazıb. “Yedioth Ahronot” qəzeti yazır ki, Azərbaycan təhlükəsizlik qüvvələri İsrail səfirliyinə qarşı hücumun qarşısını alıb.
Məlumatda bildirilib ki, İran əsilli olduğu güman edilən silahlı şəxs İsrailin Azərbaycandakı səfirliyinə daxil olmağa cəhd göstərib, lakin Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən qarşısı alınıb.
TAHIR