"Qərbi Balkanlarsız Avropa tam olmayacaq" - İvo Yosipoviç
Qərbi Balkanlarsız Avropa tam olmayacaq. Bu səbəbdən düşünürəm ki, Qərbi Balkanları Avropa İttifaqının tərkibinə daxil etmək Avropanın marağındadır.
Trend xəbər verir ki, bu barədə Xorvatiyanın keçmiş prezidenti İvo Yosipoviç XI Qlobal Bakı Forumunda deyib.
"Lakin bir "əmma" var. Bu "əmma" mənim fikrimcə, bir tərəfdən Avropa İttifaqının, digər tərəfdən isə Qərbi Balkanlardan konkret ölkələrin imkanları ilə əlaqəlidir", - deyə o vurğulayıb.
İvo Yosipoviçin sözlərinə görə, Avropa İttifaqını meyarlarla bağlı bu qədər birmənalı olmamağa vadar etmək lazımdır.
"Bu o deməkdir ki, siyasi meyarlar, təhlükəsizlik meyarları Kopenhagen meyarları ilə təkcə texniki deyil, həm də siyasi baxımdan müəyyən qədər ziddiyyət təşkil edir", - deyə o qeyd edib.
Xorvatiyanın keçmiş prezidenti qeyd edib ki, bir sıra Avropa ölkələrinin üzvlüyü təkrar gözdən keçirilərsə, onların hamısının bu meyarlara uyğun gəldiyini görmək olar.
"İkincisi, Avropa İttifaqının ardıcıl və vahid təhlükəsizlik və xarici siyasəti yoxdur. Avropa İttifaqının zəif tərəfi bundan ibarətdir", - deyə o əlavə edib.