Laçınlı köçkün ailələr Zabuxda necə qarşılandı...
Bakı Abadlıq MMC: “Biz köçürülmə prosesində vətəndaşlara kömək edirik, yəni əşyasını toplamağa, yır-yığış zamanı...”
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçının rayonunun Zabux kəndinə növbəti köçü reallaşıb.
Qeyd edək ki, bu dəfə kəndə 25 ailə - 94 nəfər köçürülür. Köç karvanları Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.
Qeyd edək ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdarkən çox sevincli olurlar. Onların öz yurdlarına qayıtma prosesində dövlət qurumları ilə yanaşı, özəl şirkətlər də dəstək olur.
Bildirildiyi kimi, köç karvanları “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri tərəfindən həyata keçiriləcək. Maraqlıdır, “Bakı Abadlıq Xidməti” MMC köç karvanlarının qarşılanması prosesini necə həyata keçirir?
“Köç zamanı vətəndaşlara nəsə lazım olursa biz onlara köməklik göstəririk, bu işlər öz tərəfimizdən, öz təşəbbüsümüzlə həyata keçirilir”
Bakı Abadlıq MMC-nin direktor müavini Firdovsi Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan ərazilərə köçürülmə prosesini rayon icra hakimiyyətləri və Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi həyata keçirir: “Bakı Abadlıq MMC sadəcə Laçın şəhər sakinlərini orda qarşılayır. Biz köçürülmə prosesində vətəndaşlara kömək edirik. Yəni əşyasını toplamağa, yır-yığış zamanı qida ilə təmin edirik. Eyni zamanda, evləri də təmir edirik. Köç zamanı vətəndaşlara nəsə lazım olursa biz onlara köməklik göstəririk. Bu işlər öz tərəfimizdən, öz təşəbbüsümüzlə həyata keçirilir. Onu da nəzərə almaq lazımdır ki, biz şirkətik”.
Günel CƏLİLOVA