Üç rayonumuz "narkotik lideridir" - niyə məhz onlar?..
Kənan Qubadzadə: “Cənub zonasında narkotik bəlasının geniş yayılmasının səbəbi İrandır”
Getdikcə narkomaniya dövrümüzün ən böyük bəlalarından birinə çevrilir. Narkotik maddələrdən asılı olan insanların sayı isə artmaqdadır. Təəssüf ki, bu hal bəzi bölgələrdə özünü daha çox göstərir. Belə ki, narkotik istifadəçilərinin sayına görə ilk üçlükdə Lənkəran, Salyan və Şirvan rayonları yer alıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü il üzrə hesabatında qeyd olunub ki, Lənkəranda 3 193 nəfər, Salyanda 1 248 nəfər, Şirvanda 1 233 nəfər narkotik istifadəçisi qeydiyyatdadır. Ölkə üzrə isə narkotik istifadəçilərinin sayı 36 659-dur.
Maraqlıdır, qeyd edilən rayonlarda narkotik istifadəçiləri niyə üstünlük təşkil edir?
“Son zamanlar ölkədə narkotikdən asılılıq gənc nəsil arasında sürətlə yayılır”
“Narkotizmlə Mübarizə” İctimai Birliyinin sədri Kənan Qubadzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, narkomaniya bəşər cəmiyyətinin üzləşdiyi ən böyük bəlalardan biri, yarası sağalmaz xəstəlikdir: “Narkotik tərkibli vasitələrdən istifadə müxtəlif tarixi dövrlərdə də mövcud olub. Amma insanlar həmin dövr ərzində müəyyən ağrı və əzabları azaltmaq məqsədilə bu vasitələrdən yalnız ehtiyac olduğu halda istifadə ediblər. Bu vasitələri müəyyən “dırnaqarası qrupa” düşmüş şəxslər bir dəfə yoxlamaq üçün və ya müəyyən adrenalin yaşamaq məqsədilə qəbul edirlər. Birinci qəbuldan sonra bədənin narkotik vasitələrdən asılılığı artır. Bu asılılığa psixoloji, fiziki və uyğunlaşma amilləri xüsusilə təsir edir. Sanki orqanizm həmin vasitələrsiz yaşaya bilməyəcəyini hiss edir və nəyin bahasına olursa-olsun, bu vasitələri əldə etməyə çalışır. Çox zaman narkobaronlar və ya narkotacirlər həmin vasitələri cəmiyyətdə yaymaq və öz gizli ticarətlərini daha da genişləndirmək üçün ilk dəfə narkotik vasitə qəbul edən şəxslərə məmulatları pulsuz verirlər. Onlar yaxşı başa düşürlər ki, ikinci və üçüncü cəhddə narkotik istifadəçisi onu əldə etmək üçün, hansı formada olmasından asılı olmayaraq, pul tapmaq məcburiyyətində qalacaq”.
Həmsöhbətimiz bildirdi ki, regionlarda narkotik problemi bu gün əsasdır. Bu böyük fəlakətdir. Bəzi rayonlarda hər 10 evdən 9-da narkotik problemi var. Bu, genofondun məhvi deməkdir: “Narkotik istifadəçiləri sırasında Lənkəran, Şirvan və Salyan ön sıradadır. Bunun da səbəbləri var. İlk olaraq bildirim ki, cənub zonasına bu bəlanın geniş yayılmasının səbəbi İrandır. Cənub sərhədlərimizi pozmaqla qeyri-qanuni şəkildə Azərbaycana ötürülən narkotik maddələr illərdir vətəndaşlarımızı zəhərləməyə davam edir. Salyan və Şirvan zonasında illərdir bu problem yaşanır. Fikir versəz görərsiz ki, hüquq-mühafizə orqanları narkotiklə bağlı elə ən çox bu bölgələrdə əməliyyat keçirir”.
Ekspertin sözlərinə görə, son zamanlar ölkədə narkotikdən asılılıq gənc nəsil arasında sürətlə yayılır: “Artıq qorxulu vəziyyət yaşanır, narkotikdən istifadə edənlərin yaş həddi məktəblilərə də gəlib çatıb. Planlı şəkildə gənclər arasında buna meylliliyi artırırlar, müxtəlif şüuraltı təbliğat vasitələrindən istifadə etməklə gəncləri aludəçiyə çevirirlər. Bu bəlanın qarşısını almaq üçün hüquq-mühafizə orqanlarının gördükləri tədbirlər kifayət etmir. Düşünürəm ki, narkotik bəlası barədə əhali arasında güclü təbliğat aparılmalıdır. Maarifləndirmə tədbirləri gücləndirilməli, əhali arasında təbliğata daha çox üstünlük verilməlidir. Təbliğat əsasən orta məktəbin aşağı sinflərindən başlanmalıdır. Şagirdlər hətta ibtidai sinifdən narkotikin nə olduğunu bilməli, törətdiyi fəsad və faciələr barədə maarifləndirilməlidir. Bunun üçün ictimai qınaq olmalı, cəmiyyət bu problemə qarşı birləşməlidir”.
Günel CƏLİLOVA