Natəvanın heykəlinə qarşı fransız vandalizmi Bakı forumuna çıxarıldı...
Faiq Ələkbərli: “Fransada Azərbaycan ədibinə qarşı göstərilən münasibətin XI Qlobal Bakı Forumunda səsləndirilməsi təsadüfi deyil”
Məlum olduğu kimi, Bakıda “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirilir. Forumun açılış mərasimində iştirak edən Prezident Ilham Əliyev bir sıra məsələlərə toxunub. Prezident İ.Əliyev Fransanın Evian şəhərində Azərbaycan şairi Natəvanın heykəlinin vandalizmə məruz qalması ilə də bağlı fikir səsləndirib.
Qeyd edib ki, Fransanın Evian şəhərində Natəvanın heykəlinə qarşı vandalizm aktına səbəb Parisin BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olması idi: “Bu hadisədən sonra hakimiyyət orqanları boyanı yumaq və heykəli bərpa etmək əvəzinə, onu sadəcə bükdülər və heykəl belə bükülmüş vəziyyətdə bir və ya iki ay qaldı. Heykəlin belə bükülmüş vəziyyətdə saxlanılması və hətta bu boyanın yuyulmasına cəhdin belə edilməməsinin özü vandalizm aktıdır”.
Fransada Azərbaycan mədəniyyət abidələrinə qarşı törədilən vəhşiliyin Bakıda beynəlxalq konfrans iştirakçılarına çatdırılmasının nə kimi təsiri və əhəmiyyəti olacaq?
“XI Qlobal Bakı Forumunda səsləndirilən məlum fikirlər dünya ictimaiyyətinə yayılacaq və böyük əks-sədaya səbəb olacaq”
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu məsələnin XI Qlobal Bakı Forumunda səsləndirilməsi təsadüfi deyil: “Fransada Azərbaycan ədibi Natəvanın heykəlinin vandalizmə məruz qalması bəşəri, insani dəyərlərə qarşı göstərilən münasibətdir. Fransa açıq-aşkar özünü vandal ölkə kimi aparır. Halbuki, bu ölkə bu gün və dünən də özünü demokratiyanın beşiyi, insan hüquqlarının qoruyucusu kimi qələmə verirdi. Tarixə nəzər salanda Fransanın necə bir işğalçı, qəddar ölkə olduğunu görmək olar. Bu gün də Fransa öz milli maraqları naminə bəşəri dəyərləri ayaq altına atır, tapdalayır”.
F.Ələkbərlinin sözlərinə görə, Fransanın Azərbaycan mədəniyyətinə qarşı bu cür addımlar atması qəbuledilən deyil. Fransanın məlum hərəkətinə dəyərlərə hörmət edən ölkələr öz etirazını bildirməlidir: “Bakıda “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda səsləndirilən məlum fikirlər dünya ictimaiyyətinə yayılacaq və böyük əks-sədaya səbəb olacaq. Fransa vandalizm aktlarına görə cəzasını alacaq”.
Günel CƏLİLOVA