"Birgə səylərlə müsəlmanlara qarşı nifrət ritorikasına da son qoyulmalıdır"
Avropa Şurası Aİ ölkələrində islamofobiya meyillərinin artdığını etiraf edib. Şuranın bu mövzuda ilk koordinasiya iclasında müsəlmanlara qarşı nifrət və ayrı-seçkilik məsələləri müzakirə olunub.
İclasda çıxış edən Avropa Şurasının Baş katibi Mariya Buriç müsəlman icmalarının Avropada cəmiyyət həyatına verdiyi töhfələrin tanınmasının vacibliyini vurğulayıb. Bununla belə, o, bu müsəlman icmalarının üzləşdiyi davamlı çətinlikləri, o cümlədən dini dözümsüzlükdən qaynaqlanan qərəz, ayrı-seçkilik və hətta zorakılıqları vurğulayıb.
Buriç Yaxın Şərqdəki son münaqişələrdən sonra anti-İslam əhvali-ruhiyyəsinin həyəcanverici səviyyədə artmasına diqqət çəkərək, bir sıra Avropa ölkələrində irqçilik zəminində hadisələrin daha tez-tez baş verdiyini qeyd edib. Onun sözlərinə görə, bu cür hərəkətlər çox yanlışdır və təcili tədbirlər görülməsini tələb edir.
Mariya Buriç deyib: “Biz bu mənfi tendensiyanı dayandırmaq üçün mümkün olan hər şeyi etməliyik, bütün imkanlardan istifadə edərək və avropalı sakinlər kimi, həm də hər bir müsəlmanın təhlükəsizliyini, ləyaqətini təmin etmək üçün birlikdə çalışmalıyıq. O əlavə edib ki, birgə səylərlə müsəlmanlara qarşı nifrət ritorikasına da son qoyulmalıdır.
Mətləb