"ABŞ-nin Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü yersiz hesab edirik" - Rəsmi Bakı
“Azərbaycanın gücdən istifadə etməsi etimadı sarsıdıb və Bakının Ermənistanla hərtərəfli sülhə sadiqliyinə şübhələr yaradıb” ifadəsi 30 ilə yaxın təcavüzün və gücdən istifadənin qurbanının məhz Azərbaycan olduğunu nəzərə alaraq heç bir dəyər daşımır.
Bu barədə Xarici İşlər Nazirliyinin ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına dair şərhində deyilir.
"Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün gücdən istifadə etməklə bağlı legitim hüququ olduğunu bir daha vurğulayır.
ABŞ tərəfinin Azərbaycana münasibətdə ABŞ-ın təşəbbüsü ilə keçirilən yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatına gəlincə isə qeyd etmək lazımdır ki, münasibətlər birtərəfli ola bilməz. Beləliklə, eyni yanaşma Azərbaycan tərəfindən də bərabər şəkildə tətbiq olunacaqdır. Belə bir şəraitdə ABŞ-nin Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü də yersiz hesab edirik", - XİN-dən bildirilib.