Paşinyan sülhü pozan “3 məşhur şərtindən” əl çəkmir...
Əli Mustafa: “Paşinyanın 3 prinsiplə çıxış etməsi Ermənistanın sülhə hazır olmadığının göstəricisidir”
Ermənistan baş naziri Nikol Paşinyan bəyan edib ki, hökumət üç prinsip əsasında Azərbaycanla sülh müqaviləsi bağlamaq siyasətinə sadiqdir:
“ Birincisi, Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıyır. İkincisi, Alma-Ata Bəyannaməsi iki ölkə arasında delimitasiya və demarkasiya üçün siyasi əsasdır, yəni Ermənistan və Azərbaycan arasında yeni sərhəd yaratmaq üçün heç bir gündəm yoxdur. İnzibati sərhədi yerdə ifadə etmək lazımdır ki, SSRİ-nin dağılması dövründə respublikalar arasında de-yure mövcud olmuş sərhədlər Alma-Ata Bəyannaməsinə əsasən dövlət sərhədinə çevrilsinlər. Üçüncüsü, regional kommunikasiyalar keçdikləri ölkələrin suverenliyinə və yurisdiksiyasına hörmətlə yanaşı, bərabərlik və qarşılıqlılıq prinsipinə əsaslanaraq açıq olmalıdır”.
Belə görünür ki, Paşinyan sülhü pozan, prosesin uzadılmasına xidmət edən əvvəlki “şərtlərindən” əl çəkmək niyyətində deyil. Belə olmasaydı Nikol əvvəlki istəklərini növbəti dəfə təkrarlamazdı.
“Biz milli maraqlarımızla əlaqədar ərazi və təhlükəsizliklə bağlı məsələlərdə prinsipial olmalıyıq”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafanın fikrincə, hazırda regionda və dünyada baş verən hadisələr kifayət qədər mürəkkəbdir: “Belə bir şəraitdə istər Azərbaycan, istərsə də Ermənistan rəsmilərinin açıqlamaları gündəmə və münasibətlərə ciddi təsir edir. Konkret olaraq Paşinyanın son açıqlamalarına gəldikdə isə, Nikol daha çox Alma-Ata Bəyannaməsinə istinad edir. Ancaq Alma-Ata razılaşmasının mahiyyətini ya bilmir, ya da onu görməzdən gəlir. Məsələ ondadır ki, Ermənistan parlamenti Alma-Ata razılaşmasını 1992-ci ildə 10 şərtlə qəbul edib. Onlardan biri də odur ki, Qarabağ Azərbaycan ərazisi kimi tanınmır. Ona görə də bu gün o razılaşmaya istinad edib keçmiş SSRİ respublikalarının inzibati sərhədlərini, rəsmi dövlət sərhədinə çevrilməsini iddia etmək tamamilə qeyri-ciddi yanaşmadır. Alma-Ata Bəyannaməsinə istinad etsək, o zaman Azərbaycan-Ermənistan sərhədləri ermənilərin dediyi kimi Ağdamdan keçməlidir. Bu isə tamamilə absurd və mümkünsüz bir şeydir. Bu baxımdan hesab edirəm ki, biz delimitasiya və demarkasiya prosesini aparmalıyıq. Bu zaman Azərbaycan Ermənistanın tarixi, hüquqi sərhədlərinin haradan keçməli olduğunu müəyyən etməliyik. Bununla bağlı razılaşmalar olmalıdır. SSRİ dönəmində Azərbaycan ərazilərinin sərhəd dəyişmələri prosesini çox ciddi şəkildə tədqiq etməliyik. Nələrin baş verdiyini, hansı müqavilələrin olduğunu və sərhədlərin necə dəyişdiyini öyrənməliyik. Sərhədlərlə bağlı 1991-ci ilə gəlib çıxan vəziyyəti mütləq təhlil etməliyik və bununla bağlı çox ciddi qanun pozuntuları var. Müəyyən ərazilər qanunsuz olaraq Ermənistana verilsə də, digər ərazilər faktiki olaraq Ermənistan tərəfindən işğal olunub. Bununla bağlı rəsmi razılaşma yoxdur. Ona görə də delimitasiya və demarkasiya prosesi getməlidir. Yalnız o zaman biz müəyyən edəcəyik ki, Azərbaycanın və Ermənistanın ərazisi nə qədərdir. Bir sözlə, Paşinyanın 3 prinsiplə çıxış etməsi Ermənistanın sülhə hazır olmadığının göstəricisidir. O üzdən, biz milli maraqlarımızla əlaqədar ərazi və təhlükəsizliklə bağlı məsələlərdə prinsipial olmalıyıq. Necə deyərlər, bizim olanı düşmənə verməli deyilik”.
Vidadi ORDAHALLI