"Sülh sazişinin əsas prinsipləri Azərbaycanla razılaşdırılıb" - Paşinyan açıqladı
Sülh sazişinin əsas prinsipləri Azərbaycanla razılaşdırılıb. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
"Qarşıdakı aylarda Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün siyasi iradəmiz sarsılmaz olaraq qalır. Sülhün üç əsas prinsipi əslində Brüsseldə danışıqlar zamanı Azərbaycanla razılaşdırılıb", - Paşinyan cümə axşamı parlamentdə çıxış edərkən bildirib.
Onun sözlərinə görə, bu prinsiplər Ermənistan və Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması, 1991-ci il Alma-Ata bəyannaməsi əsasında sərhədlərin delimitasiyasının həyata keçirilməsi və 1974-1990-cı illər SSRI Baş Qərargahının xəritələri ilə əlaqədardır.
"Bundan başqa, Ermənistanla Azərbaycanın ərazi iddiaları olmadığı və bundan sonra belə iddialar irəli sürməməyi öhdələrinə götürdükləri barədə razılıq əldə olunub. Üçüncüsü, regional kommunikasiyaların açılması ölkələrin suverenliyi əsasında həyata keçirilməlidir", - Paşinyan qeyd edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa İttifaqının Siyasi Şurasının sədri Şarl Mişelin təşəbbüsü ilə oktyabrın sonunda Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşü təxirə salınıb.
Brüssel formatında növbəti görüşlə müzakirələrin baş tutmasının rəsmi səbəbi kimi "vaxt çatışmazlığı" göstərilsə də, əsl səbəb Avropa İttifaqının gözləmə mövqeyi tutaraq Ermənistan tərəfininin qeyri-adekvat davranaraq fərqli bəyanatlar verməyə göz yumması, yaşananlara heç bir reaksiya verməməsi idi. Çünki Qərbin əsas məqsədi münaqişəni çözmək yox, mümkün qədər uzun müddətə dondurmaqdır. Ermənistandakı revanşist qüvvələr də məhz bu məqsədə xidmət edir. Belə ki, Ermənistan bir tərəfdən Fransadan, digər tərəfdən Hindistandan silah-sursat almağa davam edir. Lakin Paşinyan anlamır ki, həm öz ölkəsinin, həm də bütünlükdə Cənubi Qafqazın rifahı və sabitliyi üçün davamlı sülhün əldə edilməsi labüddür.
TAHİR