Ağqoyunlu dövlətinə aid eksponatlar ilk dəfə Azərbaycanda təqdim olundu...
Heydər Əliyev Mərkəzində "Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı" sərgisinin açılış mərasimi keçirildi. Sərgidə nümayş olunan eksponatlar İstanbuldakı hərb muzeyində (Harbiye Askeri Müzesi və Kültür Sitesi Komutanlığı) saxlanılır. Bu sərgiyə qədər Türkiyə hüdudlarından kənara çıxmalmayan tarixi eksponatlar ilk dəfə Azərbaycanda təqdim olunub. 2024-cü il yanvarın 17-dək davam edəcək sərgidə Uzun Həsənin həyatı və onun yaratdığı Ağqoyunlu dövlətinə aid məlumat və eksponatlar təqdim olundu. Bu sərgi üçün hazırlanan və Ağqoyunlu dövləti dövrünə aid miniatürlərin əks olunduğu xalçalar, eləcə də Uzun Həsənin obrazını əks etdirən çini heykəlciklər də hazırlanıb. Qeyd olundu ki, ziyarətçilər bütün bu suvrnirləri sərginin davam etdiyi müddətdə Heydər Əliyev Mərkəzindən əldə edə bilərlər.
Qeyd edək ki, bu il Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin (1423 – 1478) anadan olmasının 600-cü ildönümüdür. Sərginin “Uzun Həsən və Ağqoyunlu dövləti”, “Ağqoyunlu dövlətinin daxili və xarici siyasəti”, “Ağqoyunlu dövlətində mədəniyyət və incəsənət”, “Sara Xatun - Azərbaycan tarixində ilk diplomat qadın”, “Despinə Xatun” və digər bölmələrində Sultan Uzun Həsən haqqında, onun anası, apardığı diplomatik danışıqlar nəticəsində bir çox müharibələrin qarşısını almağa müvəffəq olmuş Sara Xatun, Uzun Həsənin öz gözəlliyi ilə insanları valeh edən həyat yoldaşı Despinə Xatun haqqında da məlumatlar yer alıb.
Ekspozisiyadakı “Ağqoyunlu dövlətinin daxili və xarici siyasəti” bölməsində ziyarətçilərə Sultan Uzun Həsənin yürütdüyü siyasət, Ağqoyunlu dövlətini kiçik bəylikdən böyük imperiyaya çevirməyə nail olmasından danışıldı. Sərgidə Uzun Həsən, onun oğlu və davamçısı Sultan Yaqubun zirehləri, XV əsr Azərbaycan cəngavərlərinə aid silahlar da nümayiş etdirildi. Fərdi kolleksiyada saxlanılan, Uzun Həsənin qılınc və xəncərinin XV əsr texnologiyaları ilə düzəldilmiş replikaları, həmçinin dövrün hərbi ləvazimatlarından olan oxçu üzükləri də sərgidə görmək mümkün oldu.
“Ağqoyunlu dövlətində mədəniyyət və incəsənət” bölməsinə xüsusi yer ayrılması da təsadüfi deyil. Burada Ağqoyunlu dövlətində mədəniyyət, o cümlədən memarlıq və incəsənətin inkişafını nümayiş etdirən fotoşəkillər, Topqapı Saray Muzeyi tərəfindən təqdim edilən miniatürlərin surətləri ziyarətçilərə təqdim ediləcək.
Qeyd edək ki, fotoşəkillər, Topqapı Saray Muzeyi tərəfindən təqdim edilən miniatürlərin surətləri ziyarətçilərə təqdim edilir. Sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Gəncə tarix-diyarşünaslıq muzeyi və Azərbaycan Milli Kitabxanasının fondlarındakı Ağqoyunlu dövrünə aid eksponatlar nümayiş olunur.
Eksponatlar arasında 1470-80-ci illərə aid Təbriz miniatürlərinin əsasında tikilmiş Ağqoyunlu dövləti hökmdarının rəsmi geyimini də görmək mümkün olacaq. Sərgi üçün xüsusi olaraq üzərində XV əsrə aid nadir Təbriz miniatürünün təsvir edildiyi xalçalar da hazırlanıb. Sərgidə Ağqoyunlu dövlətinə məxsus sikkələr, arxeoloji qazıntılar nəticəsində tapılan keramika nümunələri, mis əşyalar yer alıb.
Ağqoyunlu dövrünə aid bəzi məlumatlar həm də multimedia və interaktiv vasitələrlə çatdırılacaq. İnteraktiv xəritə ilə ziyarətçilərə Ağqoyunlu dövlətinin sərhədləri, onun ərazisindən keçən ticarət yolları, şəhərləri, ən möhtəşəm tikililəri təqdim ediləcək. Ekspozisiyanın kinozalında Uzun Həsənə həsr edilən sənədli film də nümayiş olundu. Sərginin suvenir bölməsi isə ziyarətçiləri cəlb edəcək məkanlardan biridir. Burada Ağqoyunlu dövləti, Uzun Həsənə həsr olunan və digər maraqlı suvenirlər təqdim edilir.
Qeyd edək ki, sərgi çərçivəsində Heydər Əliyev Mərkəzi tərəfindən Azərbaycan və ingilis dillərində “Ağqoyunlu dövlətinin hökmdarı – Uzun Həsən” adlı kitab da hazırlanıb.
İradə SARIYEVA