Şair Ağacana həsr olunmuş kitab işıq üzü görüb
Azərbaycan Aşıqlar Birliyində (AAB) hazırlanmış daha bir kitab işıq üzü görüb. Bu barədə baki-xeber.com-a AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məlumat verib. M.Nəbioğlunun müəllifi olduğu “Şair Ağacan: ömür yolu, mühiti və sənəti” adlı bu kitab əslən Qərbi Azərbaycandan olub, sonradan ömrünün çox hissəsini Borçalıda yaşayan, ötən əsrin 30-40-cı illərindəki sovet repressiya maşınının qurbanlarından olan Şair Ağacanın həyat və yaradıcılığına həsr olunub.
Ağacan Cabbar oğlu Cabbarlı 1876-cı ildə Qərbi Azərbaycanın Şorayıl mhalındakı Qarakilsə (Qaraisə) kəndində anadan olub. Erməni zülmündən yaxa qurtarmaq üçün sonradan Borçalıda (Gürcüstanın Marneuli rayonundakı Qaçağan kəndində) məskunlaşıb, ömrünün çox hissəsini burada yaşayıb-yaradıb. Borçalıda aşıq sənətinin inkişafında böyük xidmətləri olan Ağacan Cabbar oğlu 1943-cü ildə Sovet hökuməti əleyhinə təbliğatda günahlandırılaraq həbs olunub, yalnız Səməd Vurğunun köməkliyi ilə həbsdən yaxasını qurtara bilib. 1949-cu ildə ikinci dəfə həbs olunub və Sibirə sürgün edilib. 1951-ci ildə Sibirdə sürgündə ikən vəfat edən Şair Ağacanın nəşinin qalıqlarını 1956-cı ildə bəraət aldıqdan sonra Borçalıya qayıdan həyat yoldaşı məzardan çıxararaq Vətənə gətirib və burada yenidən torpağa tapşırılıb.
Şair Ağacanın yaradıcılığı indiyədək əsaslı şəkildə tədqiq olunmasa da, bu böyük saz-söz ustadının şeirləri və yaratdığı dastanlar bu gün də aşıqların repertuarında mühüm yer tutur.
“Bakı Mətbəəsi”ASC-də yüksək poliqrafik tərtibatla nəşr olunmuş kitabın elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, elmi redaktoru ADPU-nun Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədli, rəyçi folklorşünas alim, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli, tərtib edən isə Şakir Qurbandır.
İradə SARIYEVA