İki qardaş ölkə arasında "ikiqat vergitutma" nəhayət ləğv olundu...
Aydın Hüseynov: “Türkiyə və Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş iqtisadi əlaqələrin inkişafına töhfə verəcək”
Fevralın 19-da Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.
Türkiyə ilə Azərbaycan arasında vergi, baytarlıq və ali təhsil sahələrində əməkdaşlığa dair müqavilə imzalanıb.
Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında müqavilə imzalanıb.
Maraqlıdır, bu müqavilənin qarşılıqlı ticarət və investisiya münasibətlərinin artmasında hansı rolu olacaq?
“Saziş iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verməklə yanaşı, biznesin, iri şirkətlərin və iş adamlarının fəaliyyəti üçün də geniş imkanlar açacaq”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan və Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in imzalanması iki qardaş ölkə arasında iqtisadi-ticari münasibətlərin inkişafına əlavə stimullar verəcək, qarşılıqlı investisiyaların axınını artıracaq: “Həm Azərbaycan, həm də Türkiyə iqtisadiyyatın inkişaf etdirilməsində son illərdə xarici investisiyalara xüsusi diqqət yetirir. Bu baxımdan, ikiqat vergitutma ilə bağlı sazişlərin imzalanması sözügedən prosesə mühüm bir təkandır. Bu sazişlərin ölkələrimiz arasında hüquqi-iqtisadi müstəvidə də əhəmiyyəti olduqca böyükdür. Saziş iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verməklə yanaşı, biznesin, iri şirkətlərin və iş adamların fəaliyyəti üçün də geniş imkanlar açacaq”.
Millət vəkilinin sözlərinə görə, ikiqat vergitutma bir şəxsin eyni gəlirinin birdən artıq dövlət tərəfindən eyni növlü vergiyə cəlb edilməsidir. Bu, dövlətlərarası mal və xidmət ticarətinə, kapitalın, texnologiyanın və şəxslərin sərbəst hərəkətinə mənfi təsir etməklə, dövlətlərarası iqtisadi əlaqələrin inkişafına maneə törədir: “Təbii ki, sərmayədarlar digər dövlətdə investisiya qoyaraq kommersiya, sənaye, maliyyə və ya digər fəaliyyətlərlə məşğul olmağa başlamazdan və ya digər dövlətin hüquqi və fiziki şəxsləri ilə təsərrüfat əqdləri və əməliyyatlarına daxil olmazdan əvvəl eyni gəlirinin bu dövlətlərin hər ikisində vergiyə cəlb edilməyəcəyindən, onun üzərinə əlavə vergi yükünün düşməyəcəyindən və bütün bunların bazardakı mövqeyi və rəqabət qabiliyyətinə mənfi təsir etməyəcəyindən əmin olmağa çalışırlar. Buna görə də ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş iki dövlət arasında iqtisadi əlaqələrin təməlini təşkil edən əsas beynəlxalq sənədlərdəndir və investorların diqqət yetirdiyi mühüm hüquqi elementdir. Bu cür sazişlər olmadığı halda isə, hətta böyükhəcmli investisiya güzəştləri, stimullaşdırma tədbirlərinin əhəmiyyəti azalır. Çünki xarici investisiyalar üçün maksimum dərəcədə əlverişli şərait təmin edilsə belə, investor əldə etdiyi gəliri mənbə dövlətindən çıxararkən əlavə vergi ödəməli, öz ölkəsində isə təkrarən eyni gəlirdən vergi ödəməli olur. Buna görə də ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər xarici investisiyaların cəlb edilməsi üçün mühüm əhəmiyyət daşıyır”.
A.Hüseynov qeyd etdi ki, Azərbaycan Respublikası tərəfindən digər dövlətlərlə imzalanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərdə xaricdə ödənilmiş verginin nəzərə alınması metodu Vergi Məcəlləsinin 127-ci maddəsində nəzərdə tutulmuş çıxılma metoduna əsaslanır. Hazırda Azərbaycan Respublikası ikiqat vergitutmanın aradan qaldırılması haqqında 50-dən artıq dövlətlə saziş imzalayıb. Bu sazişlər ölkəmizin bütün əsas iqtisadi və ticarət tərəfdaşlarını, o cümlədən Azərbaycanda əhəmiyyətli investisiyalara malik olan dövlətləri əhatə edir.
Günel CƏLİLOVA