Fransa Cənubi Qafqazda sülh prosesinə müharibə elan etdi...
Emin Həsənli: “Bu, Fransa üçün çox acınacaqlı nəticələrə səbəb olacaq”
Fransanın silah və hərbi texnikası Ermənistana göndərilməyə başladı. Daşınma üçün tranzit olaraq Gürcüstanın ərazisi seçildi. Fransız silahları və texnikası, əsasən də çoxhədəfli "Bastion" zirehli avtomobilləri Gürcüstan vasitəsi ilə Ermənistana daşınır.
Bir daha təsdiq olunur ki, Ermənistanı sülh sazişi imzalamaqdan çəkindirən əsas qüvvə Fransadır. Bu ölkə həm də Ermənistanı yeni müharibəyə hazırlaşdırmaq planı üzərində işləyir.
Vətən müharibəsindən 1 il sonra Avropa Birliyinin mülki missiyasını, əslində isə istefada olan fransız kəşfiyyat zabitlərindən ibarət 200 nəfərlik dəstəni Ermənistana göndərmək bu planın tərkib hissəsi olub.
Əslində Ermənistan məhz Rusiyaya və Azərbaycana qarşı müharibə üçün silahlandırılır. Bunu Avropa İttifaqının və Fransanın Azərbaycana və Rusiyaya faktiki "müharibə elan etməsi" də adlandırmaq olar.
Fransanın bu addımları barədə ekspertlər nə düşünür?
Hərbi-siyasi şərhçi Emin Həsənli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Fransa son illər dünyanın bir çox yerində mövqeyini itirir: “Xüsusən Afrikada uzun illərdir işğalda saxladığı müstəmləkələrdən əlini üzür. İllik büdcəsinin böyük hissəsini indiyə kimi Afrikadakı dövlətlər hesabına ödəyən bu ölkə dünyadakı güclərini itirir və onun yerini doldurmaq üçün Cənubi Qafqazda güclənməyə çalışır. Dünyanın bir çox yerində, o cümlədən Cənubi Qafqazda özünə yeni yerlər möhkəmlətmək istəyir. İkinci Qarabağ müharibəsi dövrü və ondan sonra Fransa açıq şəkildə Ermənistanı dəstəklədi. Əvvəllər bunu üstüörtülü edirdisə, indi çəkinmədən dəstək verir. Ermənistan çox təhlükəli oyun içərisindədir. Bir tərəfdən Kollektiv Müqavilə Təşkilatının təlimlərini Ermənistanda keçirmir, əvəzində Amerikanın təlimlərini keçirir. Hindistandan, Fransadan silahlar alır. Rusiya silahları ilə vaxt var idi öyünürdü. İndi o silahların böyük hissəsi “Hərbi Qənimətlər” parkındadı. İndi isə ayrı - ayrı dövlətlərdən silahlar alaraq, onların hərbi bazasını orada yerləşdirmək istəyir. Azərbaycan Cənubi Qafqazda əməkdaşlıq məkanı yaratmaq istəyir, Ermənistan isə buranı hərbi məkana çevirməyə çalışır. XVIII əsrin sonunda XIX əsrin əvvəllərində Gülüstan, Türkmənçay müqavilələrindən sonra Ermənistan buranı ancaq müharibə məkanına çevirib. İllərlə burda soyqırımlar davam edib. Bu bölgə dünyanın ən strateji bölgələrindən biridir, Böyük İpək Yolunun üzərindədir. Ona görə də, dünya gücləri bura can atır. Burada da ən zəif nöqtə indi Ermənistandır. Ermənistanda təsadüf nəticəsində, Rusun dəstəyi ilə hakimiyyətə gəlmiş bir hakimiyyət var. O öz ərazilərini dünyanın başqa güclərinin nazərətinə vermək istəyir. Fransanın da bu addımı pislənməlidir. Azərbaycan imkan verməyəcək ki, onlar buranı hərbi məkana çevirələr. Azərbaycan prosesi yaxından izləyir. Fransa da düşünməlidir ki, Azərbaycanla, yoxsa Ermənistanla əməkdaşlıq onun üçün faydalı olar. Fransanın da rəhbərliyi təsadüfi rəhbərlikdir. Ona görə də, o da dünyadakı mövqelərini ard - arda itirir. Makron siyasətdən çox uzaq, real siyasəti bilməyən bir şəxsdir. Bu, Fransa üçün çox böyük acınacaqlı nəticələrə səbəb olacaq. Türkiyə, İran, Azərbaycan kimi ölkələri qoyub Ermənistanla əməkdaşlıq etmək Fransanın özü üçün də yaxşı nəticələrə gətirib çıxarmayacaq. Bu, bu ölkələrlə də münasibətlərin korlanması deməkdir”.
Məhəmmədəli QƏRİBLİ