Bərdədəki məcburi köçkünlər – “…bizə kanalın texniki suyunu içirirlər”...
Bərdədəki məcburi köçkün şəhərciyinə verilən su içmək üçün yararsızdır. Sakinlər bu suyun içməli yox, texniki su olduğunu iddia edirlər. Sakinlərin sözlərinə görə, evlərə gələn su həm rənginə, həm də dadına görə içməli sudan fərqlənir.
Şikayətçilər bildirir ki, çarəsizlikdən suyu süzürlər. Sakinlər iddia edir ki, Qarabağ su kanalından götürülən texniki su onlara içməli su kimi verilir: “Su kanalının natəmiz olması və ölmüş heyvanların oraya atılması bu sudan istifadəni təhlükəli edir. Bu kanalın suyundan 1400-dən çox ailə içməli su kimi istifadə edir”.
Bərdə rayon Suvarma Sistemləri İdarəsi: “Qarabağ su kanalından götürülən su ən son avadanlıqlarla təchiz edilmiş xüsusi filtrlərdən keçərək təmizlənir”
Məsələ ilə bağlı Bərdə rayon Suvarma Sistemləri İdarəsindən bildirildi ki, sakinlərin qaldırdıqları problem həqiqətə uyğun deyil: “Qarabağ su kanalından götürülən su ən son avadanlıqlarla təchiz edilmiş xüsusi filtrlərdən keçərək təmizlənir. Sonra həmin su anbara yığılır. Anbarda suyun keyfiyyətini artırmaq üçün xüsusi maddələr vurulur. Bundan sonra əhaliyə içməli su verilir. Verilən içməli suyun keyfiyyətində hec bir problem yoxdur”.
Elxan Əliyev: “Su infrastrukturu o qədər köhnəlib ki, artıq su istehlakçıya çatana kimi çirklənir”
Sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda da bu problem özünü getdikcə daha çox büruzə verir. Çünki ölkəmizin su hövzələri böyük sürətlə çirklənməyə məruz qalır və insanlarımız bu ifrat dərəcədə çirklənmiş, müxtəlif xəstəliklər yaradan suyu içmək məcburiyyətində qalır. Bu problem tək Bərdədə deyil, bir sıra bölgələrdə yaşanır. Əhaliyə təmizlənmiş su adı altında texniki su verilir. Bu sudan istifadə edənlərin də səhhətində problem yaranır. Ümumiyyətlə, su infrastrukturu o qədər köhnəlib ki, artıq su istehlakçıya çatana kimi çirklənir. İstehlakçılar da su resurslarından qətiyyən düzgün istifadə etmirlər. İstehlakçıların su-kanalizasiya xətlərinə heyvan cəmdəklərini, içalatını atması halları var. Nəticədə suyu dənizə buraxan filtrlər çox ciddi çirklənir. Əhalinin bu sahədə bilgiləri çox zəifdir”.
Əli TURABOV