Rəsmi Parisin "Azərbaycanda hərbi əsirlər" mövzusu gülünc şəkil aldı...
Rəsmi Paris stəkanda fırtına yaratmaq niyyətindən əl çəkmək niyyətində deyil. Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməkdə pərgar olan Fransa hökuməti bu dəfə də Paris meri Ann İdalqonun dili ilə Azərbaycanı hədəfə alıb. Belə ki, Paris meri Ann İdalqo X mikrobloqunda yazdığı cızmaqarada Azərbaycanın aidiyyəti qurumlarının həbs edib Bakıya gətirdiyi separatçı “liderləri” “əsir” adlandırır. Guya onların həbsi əsassızdır. Bu azmış kimi, o, Qarabağdan könüllü köçüb getmiş ermənilərin “vəziyyətini” Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo ilə müzakirə etdiyini yazır. Təbii, onların hər ikisinin qatı Azərbaycan düşməni olduğu məlumdur.
İdalqo iddia edib ki, guya Azərbaycanda erməni “əsirləri” var və Azərbaycanı “bütün erməni əsirləri azad etməyə” çağırıb.
Qarabağa aparan yol” qəzetinin baş redaktor müavini Fariz Çobanoğlu baki-xeber.com-a bildirdi ki, Makron hökuməti məqsədli şəkildə Azərbaycana iftira atır: “Fransanın Azərbaycana qarşı irəli sürdüyü “əsir” ittihamının əsassız və qondarma olduğunu bütün dünya bilir. Azərbaycanda Ermənistanın heç bir hərbi və ya mülki əsirinin olmadığı Fransa da, başqa Qərb dövlətləri də, beynəlxalq təşkilatlar da yaxşı bilir. Onlar Azərbaycanın Ermənistanda iki hərbi əsirinin olduğunu da bilirlər, amma vicdanlarını itirdiklərindən bunu dilə gətirmirlər. Paris merinin iddiası çox gülünc və gülməli görsənir. Uzun illər Azərbaycan ərazisində terrorçuluqla, separatçılıqla məşğul olmuş caniləri İdalqonun “əsir” adlandırması insanlığa həqarətdir. Özünü “demokratik” adlandıran bir ölkənin rəsmi şəxslərindən birinin belə gülməli çağırış etməsi Fransanın kimlərin əlində olduğu barədə aydın təsəvvür yaradır.
Mən keçmiş məcburi köçkün olaraq bir dəfə də olsun Fransanın azərbaycanlı qaçqın-köçkünlərin dərdinə şərik olduğunu görmədim. Amma keçən dövrdə də, indi də Fransa rəsmiləri özlərini ermənidən artıq erməni kimi aparır. Məcburi köçkün həyatını biz yaşamışıq, bizim torpaqlar 30 il işğalda olub. Onda İdalqo kimiləri harada idilər?”
F.Çobanoğlu vurğuladı ki, Azərbaycan ərazi bütövlüyünü təmin etdi, Xankəndinə bayraq sancdı, orada böyük hərbi parad keçirdi, bundan da bizi istəməyən qüvvələrin əndişəyə düşməsi təbiidir.
İradə SARIYEVA