Düşmənlərimiz BMT TŞ-yə daha bir Qarabağ qətnaməsi çıxardı...
Məhəmməd Əsədullazadə: “Bu məkrli planın arxasında bilavasitə Fransa dayanır”
Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Braziliyanın Moskvadakı səfiri Riçard Lima Baen Soaresi qəbul edib. Məlum olub ki, görüş çərçivəsində BMT Təhlükəsizlik Şurasında “Qarabağ regionundakı vəziyyət kontekstində fikir mübadiləsi aparılıb”.
Ardınca isə bildirilir ki, “bu məsələyə BMT Təhlükəsizlik Şurasında baxılacaq”.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatından belə çıxır ki, Qarabağla bağlı qətnamə layihəsi baxılmaq üçün BMT Təhlükəsizlik Şurasına təqdim olunub. Qarabağla bağlı qətnamə layihəsinin mətninin, eləcə də onun təşəbbüskarının adı çəkilməsə də, nəyin müzakirə olunduğunu təxmin olunur. Çünki oktyabrın 12-də xarici işlər naziri Ketrin Kolonna Fransa Senatında çıxışı zamanı bəyan etmişdi ki, rəsmi Paris BMT Təhlükəsizlik Şurasında “Qarabağın erməni əhalisinin geri qayıtması üçün şərait yaradılması haqqında” qətnamə layihəsinin qəbul edilməsinin təşəbbüskarıdır. Belə çıxır ki, Fransanın təşəbbüsü BMT-də müzakirəyə çıxarılacaq?
“Məqsəd beynəlxalq missiya çərçivəsində erməniləri Qarabağa qaytarmaq və Azərbaycanın üzərinə yeni öhdəliklər qoymaqdır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, bu məkrli planın arxasında bilavasitə Fransa dayanır: “Düzdür, bundan əvvəl də Fransa Azərbaycana qarşı qətnamə qəbul olunması təşəbbüsü ilə çıxış edib. Görünür, Fransa yenidən aktivlik göstərir. Fransa Ermənistanı silahlandırır. Azərbaycana qarşı siyasi təzyiqlərin formalaşmasına çalışır. Ona görə də BMT TŞ-də yeni qətnamə ermənilərin Qarabağa qayıdış məsələsində beynəlxalq missiyanın təşkil edilməsi şəklində təqdim ediləcək. Beynəlxalq missiya çərçivəsində erməniləri Qarabağa qaytarmaq və Azərbaycanın üzərinə yeni öhdəliklər qoymaq istəyirlər. Fransa Qarabağa erməniləri qaytarmaqla separatizmi davam etdirmək istəyir. Bu, həmçinin, Azərbaycan və Ermənistanla sülh danışıqlarını sıfırlayır. Azərbaycan qəti şəkildə belə bir prosesə getməz. Üstəlik, düşünmürəm ki, Rusiya belə bir qətnamənin qəbul olunmasına imkan versin. Çünki Fransa regiona girməyə çalışır və bu istiqamətdə davamlı cəhdlər edir. Rusiya maraqlı deyil ki, Fransa bura gəlsin. Çünki bu zaman iki ölkənin maraqları toqquşur. Ona görə də sözügedən qətnamə müzakirəyə çıxarılsa ona veto qoyulacaq. Azərbaycan da belə cəhdləri önləmək üçün diplomatik müstəvidə səylərini artırmalıdır. Nəzərə almaq lazımdır ki, məhz Rusiya öz maraqları kontekstində Cənubi Qafqazda Fransa amilinin qarşısını almaq üçün bu qətnamələrə veto qoyur. Çünki Fransa regionda militarist siyasət həyata keçirir. Məhz erməni kartından istifadə etməklə Cənubi Qafqazda Rusiyanın mövqeyini zəiflədir ki, Ermənistan tamamilə Parisin təsir dairəsinə keçsin. Yəni bu müstəvidə siyasət ortaya qoyur. Düşünürəm ki, belə bir qətnamənin gündəmə gətirilməsi ümumiyyətlə beynəlxalq hüquqa ziddir. Çünki Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini təmin edib. Ölkəmiz nə kiminsə ərazisini işğal edib, nə də kiməsə qarşı etnik təmizləmə aparıb. Ancaq buna baxmayaraq, Azərbaycana qarşı qərəzli bir siyasət ortaya qoyulub. Bütün bunlar həm də onu göstərir ki, BMT TŞ-nin tərkibi yenilənməlidir və yalnız 5 dövlətin dominantlığı altında olmamalıdır. Yeni üzvlər orada olmalıdır və qurum böyük dövlətlərin maraqlarına oynamamalıdır. Çünki beynəlxalq hüquqa zidd məsələlərin gündəmə gətirilməsi BMT-nin nüfuzuna kölgə salır”.
Vidadi ORDAHALLI