Ermənistan istəsə də, Qarabağ ermənilərinə qaçqın statusu verə bilmir...
Rəşad Bayramov: “Azərbaycan vətəndaşlığını qəbul edib getsəydilər qaçqın sayılardılar”
Qarabağdan könüllü olaraq miqrasiya edən ermənilər Ermənistanda aksiya keçirirlər. Ermənistan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi önündə baş tutan aksiyada onlar problemlərinin həllini tələb edirlər.
Problem isə qaçqın kimi qeydə alınmaları və sosial müavinətlə təmin edilmələridir. Məsələ burasındadır ki, onlara qaçqın statusu verilməsi üçün rəsmi qərar olsa da, bunu reallaşdırmaq hüquqi baxımdan mümkün olmur.
Aksiya keçirənlərdən biri olan Artur Stepanyan mediaya açıqlamasında bildirib ki, “göy pasportu” olduğu üçün ona hər hansı status verilmir, çünki o, Ermənistan vətəndaşı sayılır.
Qeyd edək ki, keçmiş və qondarma “dqr”i heç bir ölkə, o cümlədən Ermənistan özü tanımayıb, buna görə də Qarabağda yaşayan erməni sakinlər de-yure Ermənistan vətəndaşı kimi qəbul edilib. Onlar xarici səfərlərə də “göy pasport” – Ermənistanın ümumvətəndaş pasportu ilə gediblər və bütün dünyada Ermənistan vətəndaşı kimi qəbul edilirlər.
Ermənistanın rəsmi olaraq Qarabağdan könüllü gedən ermənilərə qaçqın statusu vermək fikri varmı, yoxsa bu prosesi məüsədli şəkildə yubadır?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan hakimiyyəti Qarabağdan qayıdan ermənilərə vətəndaşlıq yox, “qaçqın statusu” verməkdə maraqlıdır: “Bununla siyasi hədəfi “qaçqınların qayıdışını” daim Bakıya qarşı təzyiq aləti kimi saxlamaq, o cümlədən, Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlıların geri qayıdışı məsələsində “ermənilərin Qarabağa qayıdışını” alternativ kimi irəli sürməkdir.
Ermənistanın bu məsələdə həm də iqtisadi marağı var. Bununla Qərbdən “erməni qaçqınlara yardım” adı ilə milyonlarla avro yardım almaq niyyətindədir.
Hərçənd, ermənilərin “qaçqın statusu” beynəlxalq hüquqda təsbitini tapmır. Qaçqın irqi, dini, milli mənsubiyyəti, mənşəyinə görə təqib olunacağından qorxduğu üçün ölkəsinə qayıda bilməyən, yaxud qayıtmaq istəməyən şəxsə deyilir. Ermənilər öz ölkəsini, yəni Azərbaycanı tərk etməyib, əksinə, məskunlaşdıqları başqa ölkənin ərazisindən öz ölkələrinə könüllü olaraq qayıdıblar. Qarabağdakı ermənilərin bir qisminin mənsub olduğu hüquqi pasport – separatçıların onlara verdiyi qondarma pasport Ermənistana məxsus olub.
Buna baxmayaraq, Ermənistan onlara “qaçqın statusu” verməklə siyasi və iqtisadi hədəfinə çatmaq istəyir”.
Politoloqun sözlərinə görə, qaçqın ancaq onlar Azərbaycan vətəndaşı olduğu halda ola bilər: “Onlar da Azərbaycan vətəndaşlığını qəbul edə bilməyiblər. Azərbaycan vətəndaşlığını qəbul edib getsəydilər qaçqın sayılardılar. Çünki Azərbaycan vətəndaşı olmadan hansısa bir şəkildə onların bu statusu alması mümkün deyil. Heç beynəlxalq hüquqda da belə bir qayda yoxdur. Onlar həm də bu ərazidən könüllü çıxıblar, hansısa bir məcburiyyət əsasında çıxmayıblar. Ermənilər bizim əraziləri işğal etmişdilər, əhalini də zorla çıxarmışdılar. Onda hələ Ermənistan müstəqil dövlət olmasa da, Ermənistan SSR vətəndaşlığı var idi. Onlar Azərbaycan vətəndaşlığında qalmaq üçün heç bir addım atmadılar. Ona görə bu statusu almaları böyük problemdir”.
Məhəmmədəli QƏRİBLİ