"Lazımsız" miqrantlar məsələsi Fransanın iç üzünü açdı - "Bu, hökumətin təmiz riyakarlığıdır"
Fransa Senatında immiqrasiya haqqında növbəti riyakar qanun layihəsinin müzakirəsinə başlanılıb. Sözügedən qanun layihəsi mahiyyətcə "lazımsız" miqrantlardan yaxa qurtarmağı nəzərdə tutur, iqtisadi cəhətdən mühüm sahələrdə fəaliyyət göstərən qanunsuz miqrantlar isə yaşayış icazəsi ala biləcəklər.
Qanun layihəsi miqrantların deportasiya prosesinin sürətləndirilməsini nəzərdə tutur. Bundan başqa, Fransa sağçıları tam dövlət tibbi xidmət hüququnun ləğv edilməsini tələb edir. Hazırda qanunsuz miqrantlar ölkə ərazisinə gəldikdən üç ay sonra bu hüquqa iddia edə bilərlər.
Bu müzakirələr miqrantlara və etnik azlıqlara qarşı abırsız siyasəti ilə "məşhurlaşan" ölkədə artıq narazılıqlar doğurub. Onlarla etirazçı Fransa Senatının binası qarşısında toplanıb.
"Euronews"un xəbər verdiyinə görə, hüquq-mühafizə təşkilatlarının fikrincə qanun layihəsinin bəzi müddəaları sığınacaq axtaran şəxslərin hüquqlarını pozur.
"Bu, hökumətin təmiz riyakarlığıdır. Bir tərəfdən daxili işlər naziri deyir: "Qanunsuz işçiləri deportasiya edəcəyik", digər tərəfdən isə Maliyyə Nazirliyi deyir: "Biz tamamilə narazıyıq. Yaşayış icazəsi olmayan, lakin əmək müqavilələri bağlayan və hesab vərəqələri alan işçilərdən vergi və sosial sığorta haqlarını məmnuniyyətlə alarıq"", - deyə "Singa Global" qeyri-hökumət təşkilatının rəhbəri Benua Amon qeyd edib.