Şəhid Ramilin orden və medalı ailəsinə təhvil verildi - FOTO
2023-cü ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin lokal antiteror əməliyyatları zamanı 200-dən çox qəhrəman oğlumuz gözünü qırpmadan Vətən yolunda canını fəda etməklə müqəddəs şəhidlik zirvəsinə ucaldılar. Belə mərd igidlərdən biri də Masallı rayonu, Allahyarlı kəndində dünyaya göz açan şəhid Ramil Habil oğlu Məmmədovdur. O, xalqın igid, vətənpərvər ərənləri kimi adını tarixin yaddaşına yazıb, əbədiyyət adlı dünyasına qovuşanda ömrünün 19-cu ilini yaşayırdı.
Qısa, şərəfli həyat yolu ilə milyonların qəlbində özünə yurd-yuva quran Ramil Məmmədov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları əsasında "Vətən uğrunda" medalına və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, rayon rəsmiləri və müharibə veteranların iştirakı ilə medal və orden şəhidin ailəsinə təqdim edilib.
Həmçinin çıxışlar zamanı bildirilib ki, Ramil şəhadətə qovuşmaqla Vətəninə, millətinə başucalığı gətirib. Bizim üçün mərdlik, qəhrəmanlıq simvoluna çevrilən Ramlin həyat yolu qərinələr keçəcək, gələn nəsillərə də örnək olacaq. İndi Masallı elinin igid oğlu təkcə ailəsinə deyil, bütün Azərbaycana əzizdir.
Şəhid atası Habil Məmmədov isə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə səmimi razılığını söyləyib.
Tədbir iştirakçıları şəhidin məzarına baş çəkib, ona təzə güllərdən çələng hörüblər.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü