Əliyev bir daha sözünü tutdu - Avroittifaq isə qaz dəhlizinin genişlənməsinə lazımi dəstəyi hələ vermir...
Fuad İbrahimov: “Gecikmənin olmasında, çox güman ki, hansısa siyasi motivlər var”
Prezident İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı dedi ki, Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər çox ehtiyac var:
“Bu investisiyalar bizə böyük həcmdə təbii qaza qənaət etmək imkanı verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə edilir. Söhbət ixrac üçün qənaət ediləcək bir neçə milyard kubmetr təbii qazdan gedir. Çünki son geosiyasi dəyişikliklər nəticəsində Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac var”.
Prezident çox düzgün məqama toxundu və həqiqətən də Azərbaycan qazına ehtiyac var. Ancaq o da var ki, Avropaya daha çox qaz ötürməkdən ötrü Cənub Qaz Dəhlizinin ötürmə gücü genişləndirilməlidir. Bununla bağlı kəmərin keçdiyi ölkələrə Avropa İttifaqı vəsait ayırmalıdır, kompressorların gücü artırılmalıdır və digər konkret işlər görülməlidir. Ancaq hələ ki, Avroittifaqın bu yöndə pralktiki tərpənişi yoxdu. Niyə? Halbuki, 2022-ci ilin iyulun 18-də Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“Avropadakı iqtisadi dairələr birmənalı şəkildə CQD-ni dəstəkləyir və kəmərin ötürücülük imkanlarının genişləndirilməsində maraqlıdır”Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Fuad İbrahimov bunun səbəbini siyasi motivlərlə əlaqələndirdi: “Düşünmürəm ki, burada hansısa iqtisadi faktorlar var. Maliyyə baxımından bu, Avroittifaq üçün ciddi yük deyil. Gecikmənin olmasında çox güman ki, hansısa siyasi motivlər var. Ona görə də bununla bağlı vəsait ayırmağa tələsmirlər. Görünür, bununla Azərbaycana hansısa formada təzyiq göstərmək istəyirlər. Ancaq Avropa İttifaqı rəsmiləri bilməlidilər ki, sərfəli alternativ variantlar elə də çox deyil. Avropa ilə Rusiya arasında elə bir uçurum yaranıb ki, bunu siyasi nöqteyi-nəzərdən aradan qaldırmaq üçün çox böyük işlər görülməlidir. Ancaq bu, elə də asan görünmür. Avropadakı iqtisadi dairələr birmənalı şəkildə Cənub Qaz Dəhlizini dəstəkləyir və kəmərin ötürücülük imkanlarının genişləndirilməsində maraqlıdılar. Azərbaycan üzərinə düşən işləri görür və açıq bəyan edir ki, Avrapaya ixrac etdiyi qazı iki dəfə artırmağa hazırdır. Artıq “Abşeron” yatağında böyük ehtiyatların olması təsdiqlənib və hasilat işləri də aparılır. Hasilat artıqca və buna digər mənbələr əlavə olunduqca, daha çox qaz ixrac etmək üçün imkan var. Alıcı onsuz da tapılacaq. O zaman ixracın şaxələndirilməsi aktuallaşacaq. Avropa onsuz da Azərbaycandan daha çox qaz idxal edəcək. Çünki sərfəli seçim imkanları elə də böyük deyil. Görünür, Avropa İttifaqı Azərbaycan qazının alınması ilə bağlı hansısa siyasi nöqteyi-nəzərdən ticarət aparır. Ancaq birmənalı şəkildə bu baş verəcək. Çünki iqtisadi baxımdan bu sərfəlidir və başda İtaliya olmaqla, bir sıra Avropa ölkələri bunu dəstəkləyir”.
Vidadi ORDAHALLI