"Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa yaxındır" - ingilis nəşri yazır
İngiltərənin nüfuzlu “The Guardian” nəşrində Azərbaycanla bağlı məqalə dərc olunub. Yazının müəllifi Patrik Vinturun, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın bu günlərdə Sankt-Peterburqda görüşdüklərini xatırladıb. Qeyd edilib ki, Azərbaycanın rəsmi şəxsləri ölkənin çoxillik münaqişəyə son qoymaq üçün Ermənistanla sülh sazişinin imzalanmasına yaxın olduğunu bəyan ediblər. O, Azərbaycanın antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsi üzərində nəzarəti tam bərpa etdiyini bildirib. Vurğulanıb ki, iki ölkə münasibətləri normallaşdırmaq və sərhədləri qarşılıqlı tanımaqla sülh sazişinin imzalanması barədə danışıqları sürətləndirib.
Oxucuların diqqətinə çatdırılıb ki, bu yaxınlarda hər iki tərəf xoş məram nümayiş etdirərək saxlanılan şəxsləri dəyişdirib. Eyni zamanda, tərəflər vasitəçi olmadan birgə bəyanatla çıxış ediblər.
Məqalədə bildirilib ki, dekabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Sankt-Peterburqda Paşinyanla görüşüb.
Tərəflər artıq sülh sazişi üzrə potensial və nisbətən qısahəcmli bir neçə layihəni mübadilə ediblər. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib ki, ölkə hazırda sonuncu sülh sazişi layihəsində göstərdiyi təkliflərə Ermənistanın cavabını gözləyir.
“Anlamaq vacibdir ki, danışıqların belə bir həlledici mərhələsində biz göründüyü kimi, yekun sazişin imzalanmasından elə də uzaq deyilik, bu halda bizə nəticəyə gətirib çıxaracaq səylər gərəkdir. Mən bilirəm ki, üç onillik ərzində davam edən və heç bir ciddi nəticələr verməyən danışıqlardan sonra tərəflərin hər birində müəyyən yorğunluq, üstəlik, hər hansı həqiqi nəticələr olmadan tərəflərin bir-biri ilə görüşlərinin hələ nə qədər davam edəcəyi ilə bağlı yaranmış məyusluq var”, - deyə o qeyd edib.
Mətləb