Dollara tələbat sıçrayışla artıb - ayda 2 dəfə...
Son aylarda xarici valyutalar arasında dollara daha çox tələbat hiss olunur. Dekabrda keçirilən valyuta hərraclarında dollara tələb əvvəlki aylarla müqayisədə artıb.
Noyabrda 234,7 milyon dollar, oktyabrda 202,6 milyon dollar, sentyabrda 164,5 milyon dollar satıldı. Dekabrdakı ilk 4 hərracda satılan valyutanın məbləği əvvəlki aylardan daha çoxdur. Məlumat üçün bildirək ki, dekabr ayı ərzində hərraclarda 446.1 milyon dollar satılıb ki, bu da bu ötən ay hərraclarda qeydə alınan 234,7 dollarlıq sifariş ilə müqayisədə təxminən 2 dəfə çoxdur.
Maraqlıdır, dollara tələbin artması nə ilə bağlıdır?
Vüqar Bayramov: “Dollara tələbin artması daha çox mövsümi faktorlarla bağlıdır”
Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dollara tələbin artması daha çox mövsümi faktorlarla bağlıdır: “Dekabrda həm biznesin, həm də vətəndaşların xarici valyuta tələbi yüksəlir. Belə ki, dövlət və özəl müəssisələrin, eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlarla bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır. Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Manatın məzənnəsi birbaşa Mərkəzi Bankın qərarlarından asılıdır”.
Eyyub Kərimli: “Azərbaycanda hərraclarda dollara tələbin artması bir çox faktorlardan irəli gəlir”
İqtisadçı ekspert Eyyub Kərimlinin sözlərinə əsasən, dekabrda dollara tələb yüksəlir. Bu, idxalın və eləcə də bayramlarla bağlı olaraq səfərlərin sayının artması və o cümlədən, dövlət və özəl müəssisələrin xarici borc öhdəlikləri ilə bağlıdır: “Mərkəzi Bank və Dövlət Neft Fondu dollara tələbi asanlıqla qarşılayır. Bu mənada hərraclarda dollara tələbin artması manatın məzənnəsinə təsirsiz ötüşəcək. Digər tərəfdən nəzərə almaq lazımdır ki, növbəti aydan etibarən tələb yenidən stabilləşəcək. Manatın məzənnəsinin necə dəyişməsi isə birbaşa yenə də Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Hərraclarda satılan dolların təxminən 90 faizinin idxal üçün istifadə edildiyini nəzərə alsaq, bu zaman xarici valyutaya tələbin artması qaçılmazdır".
Ekspert bildirdi ki, Azərbaycanda hərraclarda dollara tələbin artması bir çox müxtəlif faktorlardan irəli gəlir. Bu faktorlar arasında energetika sahəsindəki nailiyyətlər, beynəlxalq ticarət əməliyyatları, maliyyə siyasəti və valyuta idarəetmə sistemi kimi bir sıra aspektlər var. Energetika sektorundakı nailiyyətlər, xarici ticarət və maliyyə siyasəti bu tendensiyada əsas rolu oynayır. Amma istənilən halda, Azərbaycan "üzən məzənnə" rejiminə keçmədiyi üçün valyuta bazarındakı tarazlığı Mərkəzi Bankın qərarları müəyyənləşdirir. Bundan başqa, dollara tələbin artım dinamikası davamlı deyil. Ona görə də manata hər hansı bir ciddi təzyiqdən söhbət gedə bilməz.
Günel CƏLİLOVA