Bakı Uşaq və Gənclər Teatrı “Bir teatr - bir festival” layihəsi çərçivəsində “3+3=7” festivalını keçirib - FOTO
Bakı Uşaq və Gənclər Teatrı Şanlı Qələbəmizin üçüncü ildönümü münasibətilə 1-2-3 noyabr tarixlərində “Bir teatr - bir festival” layihəsi çərçivəsində “3+3=7” festivalını keçirib. 7 teatrın iştirak etdiyi festival Teatr Xadimləri İttifaqında, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının və Gənc Tamaşaçılar Teatrının səhnəsində baş tutub. Bu barədə baki-xeber.com-a teatrdan məlumat verilib.
Festivalda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Küknarlar məktub” (müəllif Q.Çoxeli, rejissor Nigar Güləhmədova), Azərbaycan Akademik Musiqili Teatrı “Bir nəfəs qədər” (İdeya müəllifi Əliqisməıt Lalayev, rejissor Samir Qulamov), Gənc Tamaşaçılar Teatrı “İnanıram” (müəllif Ülviyyə Heydərova, rejissor Elşad Rəhimzadə), Azərbaycan Dövlət Kukla Teatrı “Müsyo Jordan” ( M.F.Axundov, rejissor Aleksandr Maksimçev), Lənkəran Dövlət Dram Teatrı “Haqqın 44 günü” (Müəllif və rejissor Anar Babalı), Mingəçevir Dövlət Dram Teatrı “Adsız” (Müəllif Aygün Həsənoğlu, rejissor, Vüsal Mehrəliyev), Bakı Uşaq və Gənclər Teatrı “Son nəfəsə qədər” (İdeya müəllifi və rejissor Könül Şahbazova), “Cənnətə bilet” (Müəllif və rejissor İlhamə Əhmədova), “Vətən” (İdeya müəllifi və rejissor respublikanın əməkdar artisti İntiqam Soltan) tamaşaları nümayiş olunub.
İştirakçı teatrların tamaşaları Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Festivalın təşkilat komitəsi tərəfindən Diplom və kristal mükafatlarla, tamaşaların rejissor və iştirakçıları Təşəkkürnamələrlə təltif olunub. Teatrlarda çalışan II Qarabağ müharibəsi iştirakçıları da Təşəkkürnamələrlə təltif olunub.
Layihənin rəhbəri və ideya müəllifi respublikanın əməkdar artisti İntiqam Soltandır.
İradə SARIYEVA